Bakı metrosuna 20 vaqondan ibarət 4 yeni qatar gətirildi
"Bakı Metropoliteni" QSC-nin sifarişi əsasında istehsal olunan 4-cü nəslə məxsus yeni model 20 vaqondan ibarət 4 yeni qatar Bakıya gətirilib. Yeni qatarlar "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş" müəssisəsinin Mıtışşi vaqonqayırma zavodunda istehsal edilib.
APA TV xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədovun sözlərinə görə Bakıya göndərilmiş yeni qatarlar sınaq müddətini başa vurduqdan sonra vətəndaşların istifadəsinə veriləcək: “Gətirilmiş yeni qatarlar, Bakı metrosunda istismar müddətini başa vurmuş qatarları əvəz edəcək və bununla da Bakı metropolitenində vaqonların yeni nəsil qatarlar ilə əvəz edilməsi prosesi davamlı olaraq bu il də aparılacaq”.
Bəxtiyar Məmmədov bildirib ki, qatarlar vaqonlararası birbaşa keçid konstruksiyalıdır və vaqonların qapıları enlidir, açılıb-bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib: “Bu qatarların sərnişinlər üçün ən müsbət cəhəti kondisionerlərlə təchiz olunmasıdır. Vaqonların kondisionerləri mövsümi deyil, daimi əsaslarla hazırlanıb. Bu da Bakının iqlim şəraitinin tamamilə nəzərə alınması deməkdir”.
QSC-nin Depolar üzrə İş Departamentinin rəisi Faiq Əhmədov isə qeyd edib ki, baş vaqon faralarının dizaynı dəyişdirilib, informasiya sistemi yerli şəraitə uyğunlaşdırılıb. Vaqonların istilik və səs-küy izolyasiyası yaxşılaşdırılıb. İzolyasiyanın etibarlığı kondisioner və ventilyasiya sisteminin də daha effektiv işləməsini təmin edəcək: ”Eyni zamanda informasiya sistemi var, hansı ki, monitorlarda sərnişinlər növbəti stansiyada və yaxud da ki, növbəti stansiya barəsindəki məlumatları əldə edə bilərlər. Videomüşahidə kameraları ilə təchiz olunub. Gün ərzində çəkilən bütün videogörüntülər eyni zamanda yaddaş parametrlərində saxlanılır”.
Qeyd edək ki, yeni qatarların müvafiq sazlama və tənzimləmə işlərindən sonra, yaxın bir ay ərzində xəttə buraxılması nəzərdə tutulur.
Mir Çingiz Ağazadə
Musa Qulammirzəyev
APA TV