Bakı Musiqi Akademiyasında Xocalı faciəsinin qurbanları yad edilib
Bakı Musiqi Akademiyasında Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
APA TV-nin verdiyi məlumata görə, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Akademiyanın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundova çıxışında mənfur düşmənin dinc sakinlərimizi amansızlıqla qətlə yetirməsinin unudulmayacağını bildirib.
Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev isə Xocalı faciəsinin insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biri olduğunu deyib: "Xocalı faciəsinin növbəti ildönümünü qeyd etməklə və bu faciə zamanı öldürülən vətəndaşlarımızın ruhunu yad etməklə biz keçmişi unutmadığımızı dünya ictimaiyyətinə bir daha çatdırırıq”.
İcma sədri bildirib ki, ermənilər tərəfindən xalqımıza qarşı yönəldilmiş qırğının məqsədi azərbaycanlıları məhv etmək, soyqırım təşkil edərək xalqımızı yer üzündən silmək olub: “Hesab edirəm ki, artıq dünyanın 10-dan artıq dövlətinin tanıdığı bu faciəni daha çox dövlətin tanıması üçün bütün tədbirləri görməliyik. Soyqırımı törətmiş Ermənistanın keçmiş rəhbərləri Serj Sarkisyan, Robert Köçəryan və onların əlaltıları olan Artur Qukasyan, Bako Saakyan kimilərin məsuliyyətə cəlb olunmasını və bu soyqırıma görə Azərbaycan xalqı qarşısında cavab verməli olduqlarını tələb edəcəyik. Bu da tezliklə baş tutacaq”.
Çıxışlardan sonra tədbir konsert proqramı ilə davam edib. Konsertdə Bakı Musiqi Akademiyasının müəllim və tələbələrinin ifalarında Qara Qarayev, Aydın Əzimov, Röya Hüseynova və digər bəstəkarların əsərlərindən parçalar səsləndiriblər.