Bakı polisi tibbi maska taxmayan vətəndaşlara qarşı reyd keçirdi
May ayının 1-dən etibarən tətbiq olunan xüsusi sanitar rejiminin davam etməsinə baxmayaraq, insanların əksəriyyəti tibbi maskalardan istifadə etmir. Bu səbəbdən Bakı Şəhər Polis İdarəsinin əməkdaşları və Daxili Qoşunların əsgərləri paytaxtda maarifləndirici reydlərə başlayıb.
APA TV xəbər verir ki, aparılan tədbirlərin əsas məqsədi vətəndaşları tətbiq edilən karantin qaydalarına riayət etməyə, onları qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maskalardan mütləq qaydada istifadəyə çağırmaqdır.
Amma reydlər zamanı müşahidələr bir daha göstərir ki, vətəndaşlar heç də qoyulan qaydalara əməl etmirlər:
- Niyə maskadan istifadə etmirsiniz?
- Gedib alaram indi problem yoxdur.
- İnfeksiyanın yoluxma planı artıb bilirsiniz ki. Sağlamlığınızı qorumaq üçündür. Hansısa bir xəstəliyin daşıyıcısından sizə keçə bilər. Siz xəstəliyin daşıyıcısısınızsa sizdən də başqa adama keçə bilər.
- Maskadan nə ucun istifadə etmirsiniz?
- Xəbərim yoxdur.
- Nədən xəbəriniz yoxdur?
- Maskadan.
- Mayın birindən etibarən polis reyd keçirir cərimələnə bilərsiniz.
- Ola bilər, amma istifadə etmirəm. Aptek axtarırdım elə.
- Mayın 1-dən etibarən polis reyd keçirir, cərimələnə bilərsiniz. Çalışarıq riayət edək.
Daxili İşlər Nazirliyi isə bildirir ki, xüsusi karantin rejiminə vətəndaşlar tərəfindən ümumən əməl edilsə də, son günlər ictimai yerlərdə tibbi maskadan istifadə edilməməsi, sosial məsafənin gözlənilməməsi kimi infeksiyanın yayılmasına şərait yaradan halların artması müşahidə edilir. Vətəndaşlardan evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmək tələb olunur: “Tibbi qoruyucu maskalardan istifadə etməyən vətəndaşlar paytaxt polisi tərəfindən xəbərdar olunur, qarşıdakı günlərdə onlar barəsində İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq cərimələr tətbiq olunacaq. Cəriməyə məhəl qoymayan insanlara qarşı isə inzibati həbs tətbiq olunacaq”.
Qeyd edək ki, maarifləndirici reyd zamanı polis əməkdaşları vətəndaşlara tibbi maska da paylayıb.