Bakı-Qazax yolunda meyiti tapılan qadının öldürüldüyü məlum olub
Hacıqabulda meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, iyulun 30-da səhər saatlarında Bakı-Qazax magistralının 98-ci kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisindən keçən hissəsində qadın meyiti aşkar edilib. Meyiti aşkar edilən Sabirabad rayonunun Cəngən kənd sakini, 1968-ci il təvəllüdlü Qubadlı Gülxar Tahir qızının öldürüldüyü məlum olub. Meyitin müayinəsi zamanı boyun nahiyəsində kəsilmiş-deşilmiş xəsarətlər aşkar edilib.
Araşdırmalar zamanı qətli törədən şəxsin Hacıqabul rayon sakini, 1988-ci il təvəllüdlü Fərəcov Hikmət Məhəmməd oğlu olduğu müəyyən edilib və o Bakı şəhərində saxlanılıb. Həmçinin adı çəkilən şəxsin Bakı şəhərində də bir nəfəri bıçaqla ağır yaraladığı bildirilir.
Faktla bağlı Hacıqabul Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.