Bakı-Quba yolunun 16-30-cu km-lik hissəsində bərpa işlərinin 1-ci hissəsi bitir
Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işləri sürətlə davam etdirilir.
AAYDA-dan APA TV-yə verilən xəbərə görə, təmir-bərpa işləri zamanı yol örtüyünün aşınma qatı frezlənərək kənara daşınır, örtüyün deformasiyaya uğramış hissələri xüsusi texnika vasitəsi ilə sökülərək qaldırılır, yatağın yararsız qruntu qazılaraq çıxarılır, əks-dolğu işləri görülür və yol yatağı yenidən tikilir.
AAYDA-nın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyir ki, bunun ardınca frezlənmiş və hamarlayıcı lay döşənmiş ərazilər iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-betonla örtülür: “Artıq Sumqayıtdan Ceyranbatan qəsəbəsini keçməklə “VAZ dairəsi” deyilən ərazi istiqamətində 11.5 km yolda qeyd olunan işlər görülərək yekunlaşdırılıb. Hazırda sözügedən istiqamətdə son 2.5 km-lik ərazidə hazırda qazma-dolma işləri görülür, yeni yol yatağı və yol əsası inşa edilir. Yenidənqurma işlərinin aparıldığı ərazinin uzunluğu hazırda 14 km təşkil edir”.
Magistralın təmir-bərpa işləri aparılan 14 km-lik hissəsinin yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər də sökülərək, beton arakəsmələrlə əvəzlənir.
Bir istiqamət üzrə işlər bitəndən sonra magistralın 16-cı km-dən 30-cu km-dək olan hissəsində yenidənqurma işlərinə başlanılacaq.
Vətəndaşların rahat gediş-gəlinin təmin olunması istiqamətində aparılan işlər zamanı avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Bu üzdən sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.