Bakı sakini Masallıda narkotiklə tutuldu – 3 KQ-DAN ARTIQ NARKOTİK DÖVRİYYƏDƏN ÇIXARILDI
Bakı sakini Masallıda narkotiklə yaxalanıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Natiq Şahverdiyev saxlanılıb. Həmin şəxsin üzərinə və Masallı rayonu, Təzə Alvadı kəndinin yaxınlığında yerləşən meşə zolağında narkotik vasitələri gizlətdiyi yerə baxış keçirilən zaman ümumilikdə 1 kiloqram heroin və 1 kiloqramdan artıq metamfetamin aşkar edilərək götürülüb.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Natiq Şahverdiyevin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilib. Bu zaman oradan 429 qram heroin, 480 qram metamfetamin, 96 qram həşiş qətranı və 44 ədəd metadon həbi aşkar edilərək götürülüb.
Müstəntiq Elton Ağayevin sözlərinə görə, Natiq Şahverdiyev barəsində həbs qətimkan tədbiri seçilib: “Şahverdiyev Natiq Qulamirzə oğlu Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Masallı Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Natiq Şahverdiyevin narkotik vasitələri satdığı şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir”.
Keçirilən digər əməliyyat nəticəsində isə şəhər sakini olan Rahid Kərimovun idarə etdiyi “VAZ 21011” markalı avtomobil saxlanılıb. Axtarış zamanı sürücü Rahid Kərimovun, avtomobildə sərnişin qismində olan Masallı şəhər sakini Rəhim İsmayılovun üzərindən və avtomobilin arxa oturacağından ümumilikdə 229 qram heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV