Bakı Sammitində İrana qarşı ittihamlar - YƏMƏNLİ NAZİRDƏN
"Cənubi Afrika Respublikası (CAR) Azərbaycana Qoşulmama Hərəkatına sədrliyi dövründə tam dəstək verəcək".
APA TV-nin məlumatına görə, bu sözləri sözü gedən ölkənin Xarici işlər və Əməkdaşlıq naziri, xanım Naledi Pandor beynəlxalq tədbirin Bakıda keçirilən XVIII Zirvə Toplantısında bildirib: “Bu beynəlxalq təşkilatın birtərəfliliyi rədd edir və davamlı çoxtərəfli əməkdaşlığın tərəfdarıdır. Biz Hərəkat daxilində səylərimizi sülh, sabitlik və təhlükəsizliyin qorunmasına yönəltməli, yalnız bununla da kifayətlənməməli, həmrəyliyimizi gücləndirməliyik. Ölkəm CAR Fələstin, Qərbi Saxara probleminin ədalətli həllini dəstəkləyir. Hesab edirik ki, terrora qarşı mübarizə aparılmalı, onu yaradan səbəbləri aradan qaldırılmalıdır”.
Toplantıda çıxış edən Yəmən Xarici İşlər naziri Məhəmməd Al Had Hadhrami ölkəsində baş verənlərə görə İranı ittiham edib: “Hər gün günahsız qadın və uşaqlar öldürülür, ağır humanitar vəziyyət yaranıb. Yəmən hökuməti BMT-nin xüsusi nümayəndəsi, müxtəlif dövlətlərlə əməkdaşlıq edir. Biz Yəməndə çoxdan arzu edilən sülhün bərqərar olmasını istəyirik. Bu mövzuda ölkəmizdə Milli Konfrans keçirilib. BMT TŞ-nın qətnaməsində də bu istək əksini tapıb. Ancaq indiyə qədər vəziyyət arzu edilən istiqamətdə dəyişməyib. Stokholmda keçirilən görüşdə imzalanan razılaşmaya da husilər əhəmiyyət verməyərək hücumları davam etdirir. Husilərin başındakı cinayətkar Stokholm razılaşmasına qoşulmadıqlarını da bəyan edib”.
Yəmənli nazir Səudiyyə Ərəbistanında neft emalı zavodlarına hücumun pislənilməsini istəyib və bu məsələdə İranı ittiham edib. Səudiyyə Ərəbistanının Yəmənə etdiyi hərbi dəstəyini yardım adlandırıb.
“Öhdəliklərin husilər tərəfindən pozulması da pislənilməlidir. Səudiyyə Ərəbistanın bizim ölkəyə, silahlı qüvvələrə yardımını yüksək dəyərləndiririk. Bu bizim hökumətimizə edilən böyük yardımdır".
Qoşulmama Hərəkatının 18-ci Bakı Sammiti oktyabrın 26-da işini yekunlaşdıracaq.