Bakı şəhər sakinləri Siyəzəndə tutuldular – OĞURLUQ ETDİKLƏRİNƏ GÖRƏ

Siyəzəndə oğurluq edən şəxslər saxlanılıb.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən daş karxanalarının birindən və fəaliyyəti müvəqqəti olaraq dayandırılmış bir neçə restorandan müxtəlif vaxtlarda bir ədəd qaynaq aparatının, 4 ədəd elektrik mühərrikinin, müxtəlif ölçüdə elektrik naqillərinin, təmir-tikinti alətlərinin, obyektlərə məxsus plastik və dəmir qapıların, nəfəsliklərin və digər əşyaların oğurlanması barədə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri – Emin Şöyübov, Təvəkkül Nuriyev və İlkin İbrahimov saxlanılıblar.

Onlar oğurluq yolu ilə əldə etdikləri qənimətləri icarəyə götürdükləri nəqliyyat vasitələrinə yükləyərək Bakı şəhərinə apardıqlarını və xeyli hissəsini şəhər ərazisində yerləşən əlvan metal qəbulu məntəqələrində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv