Bakı-Sumqayıt qatarının naqillərini oğurlayan şəxslər yaxalandı
Bakı-Sumqayıt sürət qatarının 10 min manatlıq naqillərini oğurlayan şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin və Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Bakı-Sumqayıt sürət qatarının marşrut xətti üzərində yerləşən, ümumi dəyəri 10 min manata yaxın olan 150 metr aparıcı trosu və ikiqat kontakt naqillərini oğurlamaqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb.
Onlar 33 yaşlı İlkin Niftəliyev və əvvəllər məhkum olunmuş - 30 yaşlı Mövlan Quliyev, eləcə də 28 yaşlı Ağasif Babayevdir.
Saxlanılan Ağasif Babayev oğurladıqları naqilləri 2 min manata satdıqlarını bildirib: “Əvvəlcədən planlaşdırdıq ki, gəlib xətti kəsək. Ayın 3-ü gecə gəldik. Taxtanın ucuna “naşofkanı” bağlayıb xətti kəsdik və aparıb satdıq. 2000 pul elədi və onu da öz aramızda böldük”.
Dindirilmə zamanı dəstə üzvləri oğurladıqları naqilləri Sumqayıt şəhəri ərazisində yerləşən əlvan metalların qəbulu məntəqəsinə satdıqlarını bildiriblər. Həmin məntəqənin ünvanı polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək, naqillər maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi açılıb.