Bakı, Sumqayıt və Abşeronda icbari tibbi sığortanın tətbiqinə başlanılır – APRELİN 1-DƏN
Aprelin 1-dən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcəklər.
Agentlikdən APA TV-yə bildirilib ki, bu məqsədlə sözügedən ərazilərdə icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələrində hazırlıq işləri davam etdirilir.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin” tabeliyindəki tibb müəssisələrində icbari tibbi sığorta ilə bağlı hazırlıq işlərinin aparılması ilə əlaqədar İşçi Qrupunun üzvü, Yevlax rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılovun sözlərinə görə, səhiyyənin maliyyə imkanlarının artırılmasına xidmət edən icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı tibb müəssisələrində təkmilləşdirilmə işləri aparılır.
A.İsmayılov bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi altında təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətini artırmaq məqsədilə xəstəxanaların Qəbul şöbələrinin bazasında Təcili Yardım şöbələri yaradılıb, xəstələrin ağırlıq dərəcəsinə uyğun olaraq çeşidlənməsi üçün “triaj” sistemi təşkil olunub.
Məlumat üçün bildirək ki, aprelin 1-dən etibarən təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaşlar səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidir. İlkin səhiyyə müəssisələrinə poliklinika, Ailə Sağlamlıq Mərkəzi və kənd həkim məntəqəsi aiddir. Burada vətəndaşlar ərizə dolduraraq ailə həkimini seçməlidir. Ailə həkimini seçərək vətəndaş tibb müəssisəsinə təhkim olunur.
Ailə həkiminin müayinə və müalicəsindən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ailə həkimi tərəfindən ixtisaslı həkimə göndəriş verilir. Göndəriş əsasında tibb müəssisəsinə müraciət edən vətəndaş icbari tibbi sığortanın Xidmətlər Zərfindən yararlana bilir.