Bakı-Sumqayıt yolunda çəkilən avtobus zolağı tıxaca necə təsir göstərəcək? – APA TV

 

Bakı-Sumqayıt yolu paytaxt ərazisində pik saatlarda ən çox sıxlığın yarandığı yollardan biridir. Artıq bu yolda da ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərin rahatlığını təmin etmək məqsədilə xüsusi avtobus zolağı yaradılıb. Lakin avtobus zolağı yolun yalnız Xırdalan dairəsindən Avtovağzal kompleksi istiqamətində olan hissəsini əhatə edir. Nəqliyyat eksperti Rövşən Həsənov deyir ki, ümumiyyətlə avtobuslar üçün xüsusi zolaqların yaradılması təqdirəlayiq haldır, amma bunu hər yolda tətbiq etmək olmur. Bakı-Sumqayıt yolunda isə avtobus zolağının çəkilməsi ilə tıxacın qarşısını qismən almaq mümkündür, amma bunu tam təmin etmək mümkün deyil. Sözügedən yolda tıxacın yaranmasına səbəb olan bir çox amil var ki, bunlardan biri də yolun müəyyən hissədən sonra daralmasıdır. Zolaq marşrut avtobusları üçün yaradılsa da, bəzən digər nəqliyyat vasitələri buraya daxil olur. Bu da avtobusların hərəkətində yenidən əvvəlki kimi gecikmələr yaradır. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirir ki, avtobus zolağına daxil olmuş digər nəqliyyat vasitələrinin sürücüləri yol hərəkəti qaydalarını pozmuş olurlar. Qaydaları pozan sürücüləri isə cərimə gözləyir. Qeyd edək ki, əks istiqamətdə də, yəni “Şamaxinka” adlanan ərazidən Masazır dairəsinə kimi avtobus zolağının çəkilməsi gözlənilir. Həmin yoldan gün ərzində 37 marşrut xətti istifadə edir.

ORXAN ASLAN

APA TV

Müəllif | Apa.Tv
Apa.tv