Bakı-Sumqayıt yolunda təmir işləri gələn həftə yekunlaşacaq

Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi istiqamətində keçirilən tədbirlər çərçivəsində Xırdalan dairəsi kimi tanınan ərazidə son tamamlanma işləri həyata keçirilir. Belə ki, hərəkətinə məhdudiyyət qoyulan bəzi avtomobil yolları qismən istifadəyə verilib.

 

APA TV xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində yol hər iki istiqamət üzrə 2 hərəkət zolağı enində genişləndirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yol kənarında torpaq tökmələr və körpülərin alt hissəsi qazılaraq yeni yol yatağının inşası və yeni yolun çəkilməsi, o cümlədən Xırdalan dairəsinə qalxan və düşən istiqamətlərdə yol yatağının genişləndirilməsi işləri başa çatıb: Xırdalan dairəsindən keçən avtomobil tunelində son tamamlanma işləri görülür. Bundan başqa, Masazır dairəsində asfalt beton örtüyünün yenilənməsi işləri həyata keçirilir. Bu işlərdə yaxın günlər ərzində tam olaraq yenidən qurulacaq və mərhələli olaraq zəruri olan yerlərdə yol nişanlarının qurulması, üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılmaqla növbəti həftə ərzində 20 Yanvar dairəsindən Masazır dairəsinə qədər olan ərazidə  genişləndirilmə işləri tərəfimizdən tam olaraq təmin olunacaq”.

 

Qeyd edək ki, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, xüsusən günün pik saatlarında tıxacın yaranmasının qarşısını almaq məqsədilə ölkə başçısının tapşırığına əsasən, Bakı-Quba avtomobil yolunun 7-ci kilometrliyindən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işlərinə ilin əvvəlində start verilib.

İsa İsmayılov

Faiq Həsənov

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv