Bakı-Sumqayıt yolunda yeni dəmir yolu körpüsü tikilir – DYP-NİN EKOLOGİYA POSTU SÖKÜLÜR
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7.5 kilometrliyindən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işləri davam edir.
APA TV-nin verdiyi məlumata görə, ölkə başçısının sərəncamı ilə Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə bağlı aparılan yenidənqurma işləri çərçivəsində artıq Bakı Beynəlxalq Avtovağzalının qarşısındakı hissə genişləndirilib və asfalt çəkilib.
Aprelin 3-də Prezident İlham Əliyevin də şəxsən tanış olduğu Bakı-Sumqayıt yolunun genişləndirilməsi layihəsi çərçivəsində Xırdalan dairəsində işlərin artıq sonuncu mərhələyə çatdığını deyən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, həmin ərazidə yeni tunel inşa olunur: “Xırdalan dairəsində avtomobil tunelinin genişləndirilməsi nəzərdə tutulurdu. Burda tunelin 4 hərəkət zolağından 8 hərəkət zolağına qədər genişləndirilməsi planlaşdırılıb. Bu istiqamətdə də görülən işlər yekunlaşmaq üzrədir və artıq tunelin alt hissəsinin də qazılması işləri aparılır”.
Mətbuat katibi qeyd edib ki, bundan başqa, daha 2 hərəkət zolağı dairəyə qalxan və düşən hissələrdə də yaradılacaq. Bunun üçün əraziyə kifayət qədər texnika cəlb olunub.
Layihə çərçivəsində Baş Dövlət Yol Polisi İdarəsinin Xırdalan dairəsi yaxınlığındakı Ekologiya Postunun binası sökülür, yenisi tikilir. 1960-cı illərdə tikilmiş dəmir yolu körpüsü yeni açılacaq tunelə maneçilik törətdiyi üçün 65 metr uzunluğunda, orta dayaqları olmayan, dəmir konstruksiyadan ibarət yeni bir körpü ilə əvəzlənəcək. Bu zaman dəmir yolu xəttinin dayandırılması məhdudiyyəti olmayacaq.
Anar Nəcəflinin sözlərinə görə, işlər magistral yolda intensivlik nəzərə alınaraq ümumi hərəkətə maneə yaradılmadan aparılır. Tökmə torpağın çıxarıldığı hissələr kipləşdirilib, kənarlarında istinad divarı inşa edilib.
Genişləndirmə işləri zamanı qeyri-yaşayış sahələrinin qanunvericiliyə əsasən kompensasiya ödənilməklə sökülməsi, həmçinin kommunikasiya xətlərinin və yaşıllıqların köçürülməsi nəzərdə tutulur ki, hazırda bu istiqamətdə sənədləşmə işləri aparılır.
Qeyd edək ki, ölkə başçısının tapşırığına uyğun olaraq sözügedən hissələrdə yenidənqurma işlərinin 2020-ci il ərzində yekunlaşdırılması nəzərdə tutulur.
Səfər Əlizadə
Faiq Həsənov
APA TV