21:16 13 oktyabr 2021 406
Ana səhifə Xəbərlər

Bakı taksilərində niyə gizli kamera quraşdırılır? - ŞİRKƏTLƏR KİMİ İZLƏYİR

“20 Yanvar metrostansiyasının qarşısındayıq. Əslində dəyişən bir mənzərə yoxdur. Taksilərin xaotik vəziyyəti, nəqliyyatın hərəkətini, piyadaların normal yol davranışını yenə alt-üst edir. Yəni yeni bir mənzərə, aidiyyəti qurumların nəzarətindən isə söhbət belə gedə bilməz. Bu nizamsızlıq vəziyyətində nə sürücü, nə də yol mədəniyyətindən danışmaq olar. Elə buna görə də burda müsahibə edə bilmədik”.

 

“Çəkiliş apardığımız saatlarda hərəkəti nizamlamaq üçün DYP əməkdaşları xidməti vəzifələrini yerinə yetirməyə çalışırlar. Amma necə?”

 

Yol Patrul Xidmətinin inspektoru Zaur Qasımov  deyir ki, piyadaların təhlükəsizliyi əsasdır: “Taksilərlə çətindir. Gün ərzində çalışırıq dayanacaqda dayanmasınlar. Çünki həm ictimai nəqliyyata, həm də piyadalara problem yaradırlar. Çətinlik çəkirik. Amma tənzimləyə bilmirsiniz? Mənzərəyə gəlin birlikdə baxaq, görək burda nizamı necə yaratmaq olar? Çətin. Biz iki nəfərik. Bəs Bakı Nəqliyyat Agentliyi ilə birlikdə nəzarət etmirsinizmi? Hərdən gəlirlər, hərdən yox. İndi mən sizə sual verim, görürsünüz onları? - Yox”.

 

Taksilər istədiyimiz yerə vaxtında çatmaqda çox böyük rol oynayır. Lakin çox təəssüf ki, son zamanlar bəzi taksi şirkətlərində insanlara qarşı haqsızlıq və zorakılıq halları baş verir. Ən əsas da müştərinin xəbəri olmadan taksilərdə kameraların quraşdırılması və gizli çəkiliş, qadınlara qarşı qeyri-etik davranışlar xüsusilə vurğulanmalıdır. Əfsuslar olsun ki, sosial şəbəkələrdə bu kimi şikayətlər həddən artıq çoxdur.

 

Maraqlıdır taksilərə hansı qurumlar və necə nəzarət edir?

 

DANX-ın şöbə müdiri  Nuridə Allahyarovanın sözlərinə görə, taksilərlə bağlı çox ciddi problemlər var: “Bunu dövlət qurumunun rəsmisi olaraq gizlətmirik. Bu problemlərlə bağlı sərt tədbirlərin həyata keçirilməsi üçün hazırda DYP ilə birlikdə 3 aylıq tədbirlər planı hazırlanıb.

 

Taksi ilə bağlı DANX-ında, digər səlahiyyətli dövlət qurumunun da Nazirlər Kabinetinin müvafiq qərarı ilə taksi xidməti göstərən sürücülərə müvafiq qaydada, onların sərnişin daşıması üçün fərqlənmə nişanı təqdim olunur. Fərqlənmə nişanı keçmişdəki kimi lisenziyanı və verginin ödənilməsini təmin edir”.

 

Nuridə Allahyarova deyir ki, taksi xidməti göstərən şirkətlərin əksəriyyəti hüquqi deyil. Ölkədə yalnız iki şirkət məhz bu xidmət üçün səlahiyyətlənib. Digərləri isə məchul şirkət kimi qeydiyyatdan keçərək taksi şirkəti kimi fəaliyyət göstərirlər: “Taksi şirkətinin bazası və qarajı olmalıdır. Onun özünəməxsus avtomobil nəqliyyatı vasitələri olmalıdır. Ölkədə 4 rəqəmli çağrı mərkəzi yaradırsansa olursan taksi şirkəti”

 

Bəs taksilərdə baş verən qanun pozuntuları ilə bağlı sürücülər nə düşünür?

 

- 40 ildir sürücüyəm.

 

- Şəxsi maşınınızdır?

Bəli.

 

- Fəaliyyətiniz üçün fərqlənmə nişanınız var?

Almışdım, bir az işlədim. Hazırda yoxdur, amma almalıyam.

 

- Sağlamlığıq kağızınız var?

Xeyr, o da yoxdur.

 

- Günün neçə saatınız çalışırsınız?

Əslində 1-2 saat. Bir az maddi problemlərim var, o üzdən işləyirəm. əcrübəli sürücüyəm, texniki baxışım da var. Əsas sürücü mədəniyyəti və düşünürəm ki, ədəb ərkandır.

 

SÜRÜCÜ

 

Şəxsi maşınımdır. 7-8 saat çalışıram.

 

- Fərqlənmə nişanınız var?

Yox

 

-  Sağlamlıq haqqında arayışınız varmı?

 

Yox. Onu tələb etmirlər. Özüm üçün imkan olanda keçirəm, amma işimlə bağlı yox

 

- Kameranız varmı?

 - Yox

 

Ekspert Ərşad Hüseynov da taksi fəaliyyətindəki qanunsuzluqlardan şikayətçidir. Deyir bu sahə demək olar ki, nəzarətsiz qalıb: “Taksi fəaliyyətindəki xaotik vəziyyət uzun illərdir davam edir. Amma nəzarət qurumları hər işin başını buraxıblar. Nə avtomobillərin texniki vəziyyəti, nə sürücülərin peşəkarlığı və bir sıra məsələlər nəzarətdən kənarda qalıb. Bu gün Azərbaycanda nə qədər adam taksi fəaliyyəti ilə bağlı məşğul olur, bunun belə hesabatı yoxdur. Bu fəaliyyətlə məşğul olan 100 mindən çox avtomobil var”.

 

Ekspert yaranan xaotik vəziyyətə görə aidiyyəti qurumları günahlandırır: “Burda taksi sürücüləri günahkar deyil, nəzarət edən qurumlar bu tədbirlərin həyata keçirilməsini təşkil edə bilməyiblər. Və təbbi ki, hər bir taksi sürücüsü olmaq istəyən şəxs tibbi yoxlamadan keçib sağlamlıq arayışı verməlidir. Taksi avtomobili texniki yoxlamadan keçib reysə buraxılmalıdır. Əgər tibbi yoxlama olsa bilinəcək ki, sürücüdə narkoloji və yaxud da alkol sərxoşluğu var”

 

O ki, qaldı kamera quraşdırılmasına... Ərşad Hüseynov deyir ki, taksidə kamera quraşdırılıbsa bununla bağlı ya yan şüşədə xəbərdarlıq yazılıb vurulmalıdır, ya da sərnişinə əvvəlcədən bununla bağlı məlumat verilməlidir.

 

Ekspert  deyir ki, qanunvericilikdə taksi fəaliyyətinə dair mövcud olan bir neçə qanun, maddə hələ də havada qalıb. Bunlardan taksi sürücülərinin taksometrdən istifadəsini, qiymətlərin tənzimlənməsini və digər məsələləri qeyd etmək olar.

 

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru, Elşad Hacıyev isə bildirib ki, hazırda məsələ ciddi nəzarətdədir. Bununla bağlı yaxın zamanlarda nazirlik rəsmi açıqlamada yayacaq.

 

Yeri gəlmişkən qeyd edək ki, bu kimi halların aradan qaldırılması, taksi fəaliyyətinin tənzimlənməsi, qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması məqsədilə konsepsiya hazırlanıb.

 

Sevinc Vaqifqızı,

Xəqani Hüseynov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın