Bakı UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edildi

"Bakı UNESCO-nun Qafqaz dövlətlərinin paytaxtları arasında “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilən yeganə şəhərdir".

APA TV-nin məlumatına görə, bunu Bakının UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsinə həsr olunmuş brifinqdə Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr və innovativ əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə deyib.

O bildirib ki, Bakı səhərinin UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi"nə qoşulması ölkəmiz üçün tarixi hadisədir: "Ümumilikdə bu şəbəkəyə 246 şəhər daxildir. Bu şəhərlər 7 kateqoriya üzrə seçilir. Bunlar incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi kateqoriyaları üzrə salır".

Jurnalistlərin suallarını cavablandıran şöbə müdiri deyib ki, bu hadisə Bakının yaradıcı gücünü daha da artıracaq, paytaxtımızın smart şəhərə çevrilməsinə gətirib çıxaracaq: “Bu yaxınlarda Azərbaycan Milli İncəsənət Muzeyi “Münaqişə zonalarında mədəni sərvətlərin qorunması” ilə bağlı qrant uda bilib. Gələcəkdə bu mövzularda da qrant udma imkanı var. Bir də UNESCO-nun “Mədəni Özünüifadə Müxtəlifliyini Qorumaq Konvensiyası” var. Azərbaycan bu konvensiyanın 2007-ci ildən üzvüdür, Hökumətlərarası Komitədə fəal iştirak edir. Bu komitənin də “Müxtəliflik Fondu”nun da müxtəlif maliyyə imkanlarına müraciət etmək olar”.

 

Vasif Eyvazov qeyd edib ki, bu tarixi hadisə nəticəsində Bakıya turist axını əvvəlki illərə nisbətən daha da artacaq.

Müəllif | Apa.Tv
Apa.tv