Bakıda 20 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı – POLİS ƏMƏLİYYATI
Ölkə ərazisinə qanunsuz yolla gətirilən 20 kiloqramdan artıq narkotik vasitənin
dövriyyəyə buraxılmasının qarşısı alınıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində Abşeron rayon sakini Zahir Zeynalov və Biləsuvar rayon sakini Səbuhi Hüseynov saxlanılıblar.
Şəxsi axtarış aparılan zamanı Zahir Zeynalovdan 76,38 qram heroin, 21,51 qram marixuana, onun paytaxtın Nizami rayonunda kirayədə qaldığı mənzildən isə 21 kiloqram 7 qram qurudulmuş maixuana, 5,06 qram heroin, 24,55 qram həşiş və 13,70 qram tiryək aşkar olunaraq götürülüb.
Səbuhi Hüseynovun paytaxt ərazisində qaldığı evdən isə 459 qram tiryək, 754 qram həşiş aşkar olunub. Həmçinin araşdırma zamanı Səbuhi Hüseynovun onlayn yolla satdığı və Yeni Günəşli qəsəbəsi ərazisində yol nişanının altında gizlətdiyi 390 qram heroin də tapılıb.
Araşdırma zamanı müəyyən olunub ki, hər iki şəxs hələlik adı istintaqa məlum olmayan “Xalaoğlu Rəsul” adı ilə tanıdıqları İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri qəbul edərək yaşadıqları evlərdə gizlədiblər. Daha sonra Zahir Zeynalov və Səbuhi Hüseynov narkotik vasitələri paytaxtın müxtəlif ərazilərində yerləşdirərək “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə İran vətəndaşı ilə əlaqə saxlayaraq ona məlumat verməli imişlər. O, isə müştərilərin götürməsi üçün həmin yerlərin ünvanını onlara göndərməli imiş.
Faktlarla bağlı cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.