Bakıda 25-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi başlayıb

25-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi fəaliyyətə başlayıb.

APA TV-nin məlumatına görə, Bakı Ekspo Mərkəzində baş tutan sərgidə yerli və 23 ölkənin 280 şirkəti öz məhsullarını ziyarətçilərə təqdim edirlər.

Tədbiri giriş söz ilə açan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu cür sərgilərin davamlı olmasının inşaat sektoruna töhfə verəcəyini dedi: “Bu sərgi öz 25 illik yubileyini qeyd edir və bu sərgidə keçən müddət ərzində 35 ölkədən 5000-dən çox şirkət bir araya gətirilib. Öz nailiyyətlərini nümayiş etdirmişdir. Bu il də ənənəvi olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu “Baku Build 2019” sərgisinə öz dəstəyini göstərir”.

Daha sonra sərgi iştirakçıları yerli və xarici şirkətlərin stendləri ilə tanış olublar.

Sərgidə inşaat materialları, dam örtükləri və izolyasiya, interyer, bəzək materialları, dizayn, boya, lak və döşəmə örtükləri, landşaft memarlığı və dizaynı, fasad, qapı-pəncərə, inşaat avadanlıqları və texnologiyaları, yayma metal, işıq və elektrotexniki məhsullar iştirakçılara təqdim olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsi Elmar İsayev sərgidə iştirak edən sahibkarlara yardım etməyə hazır olduqlarını qeyd etdi: “Bu tip sərgilərdə iştirak sahibkarlara öz məhsullarını geniş auditoriyaya təqdim etməsinə, biznes əlaqələrinin qurulmasına, şəbəkələşmə baxımından çox əhəmiyyətlidir. Biz KOBİA dəstək proqramı çərçivəsində hazırkı “Baku Build 2019” sərgisində 8 sahibkar sahibkarın iştirakı üçün təmənnasız dəstək göstərmişik. Gözləntimiz ondan ibarətdir ki, növbəti ildə artıq onların fəaliyyəti daha geniş olsun, daha yeni istehsal sahələri qura bilsinlər”.

Bakı Ekspo Mərkəzində keçirilən 12-ci Beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku 2019” sərgisi oktyabrın 25-dək davam edəcək.

 

Həmidağa Məcidov,

Vətən Sadatlı,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv