Bakıda 3 nəfərin öldüyü qəzanın ŞOK SƏBƏBİ - sürücü yatıb
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Bakıda 2-si azyaşlı olmaqla 3 nəfərin öldüyü qəza barədə məlumat yayıb.
İdarədən verilən məlumatda bildirilib ki, Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri 34 yaşlı Abil Həsənovun idarə etdiyi “Hyundai”la, 63 yaşlı Qurban Əliyevə məxsus “VAZ 2107” toqquşub.
Nəticədə, Qurban Əliyev və sərnişinləri - paytaxt sakinləri 13 yaşlı Əminə Lütfəlizadə və onun bacısı 12 yaşlı Zalina hadisə yerində həyatlarını itirib, onların anası Nigar Lütfəliyeva və Ülviyyə İsmayılova isə xəsarət alıb.
Bununla yanaşı, “Hyundai” markalı avtomobildə olan 5 sərnişin – İradə Babayeva, Xatirə Babayeva, Nayibə Hüseynova, Göyərçin Babayeva və Təranə Zeynalova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin araşdırma zamanı “Hyundai” markalı avtomobilin sürücüsü Abil Həsənov həmin gün səhər saatlarından başlayaraq fasiləsiz taksi fəaliyyəti ilə məşğul olduğu üçün yorulduğunu və bu səbəbdən sükan arxasında yuxulayaraq qarşı hərəkət zolağına çıxdığını bildirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək, onları ikisi yeniyetmə olmaqla üç nəfərin həyatına son qoyan sözügedən ağır yol qəzasından düzgün nəticə çıxarmağa, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə çağırır.