Bakıda 50 min manatlıq turnir keçirildi - BİLAL ƏRDOĞAN İZLƏDİ
Çövkən üzrə Prezident Kubokuna yekun vurulub.
APA TV-nin məlumatına görə, yarış Binə Atçılıq Mərkəzində təşkil olunub.
Atçılıq Federasiyasının prezidenti, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev 7-ci turnirin ölkə prezidenti İlham Əliyevin ad gününə həsr olunduğunu bildirib.
Prezident Kubokunun finalını izləmək üçün Bakıya gələn Dünya Etnospor Konfederasiyasının prezidenti Bilal Ərdoğan yarışın gərgin mübarizə şəraitində keçdiyini vurğulayıb. Təşkilatçılara təşəkkürünü bildirən türkiyəli qonaq Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Mükafat fondu 50 min manat olan turnirin qalibi “Omar”, gümüş mükafatçı “Buta Qolden” və 3-cü yerin sahibi "Polad" komandalarını Bilal Ərdoğan və Elçin Quliyev təltif edib.
Daha sonra Atçılıq Federasiyasında (ARAF) 2019-cu ilin yekunlarına dair tədbir keçirilib. Federasiyanın prezidenti Elçin Quliyev 2019-cu ildə təşkil olunan atçılıq tədbirlərinin yüksək səviyyədə işıqlandırılmasında göstərdiyi xidmətlərə görə fərqlənən jurnalistləri təltif edib. Onların sırasında "Apasport"un baş redaktoru Tahir Hümmətov və APA TV-nin müxbiri İlahə Vəliyeva da var.
İlahə Vəliyeva, Xəyal Şükürlü APA TV