Bakıda 8 gün əvvəl oğurlanan 2 yaşlı uşaq niyə tapılmır?

Bakıda 2 yaşlı oğlan uşağının oğurlanmasından 8 gün keçir. Ancaq onu tapmaq hələ də mümkün olmayıb.


APA TV hadisənin detalları barəsində məlumat toplamaq üçün, uşağın son görüldüyü əraziyə yollandı.

 

Araşdırma zamanı məlum oldu ki, oğurlanan uşağın ailəsi artıq həmin evdə yaşamır. Belə ki, uşağı oğurlanmış ailənin digər dörd azyaşlı övladı dövlət tərəfindən sığınacağa yerləşdirilib. Azyaşlının atası Elgün Şıxəliyev və anası Reyhan Şıxəliyeva isə başqa yerə köçüb.
 

Qonşular iddia ediblər ki, ailə qeyri-sağlam, tüfeyli həyat tərzi sürüb.
 

Hadisənin necə baş verməsinə gəlincə... Qonşuların sözlərinə görə, dekabrın 29-u axşam saatlarında 40-45 yaşlı qadın 2 yaşlı Məhəmmədi anasının yanına aparmaq adı ilə evdən çıxarıb. Bütün bunlar digər azyaşlı uşaqların gözü qarşısında olub.

Qonşuların sözlərinə görə, valideynlər və uşaqlar gördüyünüz bu kiçik otaqda yaşayıb. Naməlum qadın M. Şıxəliyevi yatdığı yerdən götürərək aparıb. Hadisə baş verən anda isə ana bazarda olub, ata isə çörək almaq üçün dükana gedib.

Ailənin 8 yaşlı övladı bildirib ki, qadın qardaşını atasının köynəyinə bükərək aparıb.

 

Qonşulardan biri Maral Mahmudova deyir ki, uşağı evdən, bacısının qucağından alıblar: “Bizim uşaqlar da qışqırdı. Mən də gəlib dedim ki, həmin qadın necə bir insan idi? Sonra valideynlər gəldi, bilmədilər nə etsinlər, dedim, polisə zəng edin. Uşağı anasının adı ilə həmin  qadın evdən qaçırdı”.

Qonşularla söhbətdən o da məlum oldu ki, uşağı oğurladığı deyilən qadın bir neçə gün əvvəl ərazidəki digər evlərə gələrək, orada yaşayan ailələrə ünvanlı sosial yardım düzəldəcəyini deyib. Hətta digər qonşudan da yeniyetmə qızını ona verməsini istəyib.

Ailənin yaşadığı evin sahibi Gülüş Soltanova deyir ki, Şıxəliyevlər 15 gün əvvəl onun evinə yığışıblar. Evi kirayəyə versə də, ailə həddindən artıq kasıb olduğu üçün onlardan pul almayıb: “Uşaqların anası Reyhanı bir-iki dəfə görmüşəm, bazarda limon satırdı. Atası isə heç bir yerdə işləmirdi. Uşaq oğurlanandan sonra dekabrın 31-i Reyhan bizə gəlmişdi. Mənə dedi ki, yəqin Məhəmmədi sosial yardım düzəldən qadın aparıb, uşağın başındakı yaranı müalicə etdirəcək”.

 

Qonşularla aparılan söhbətdən, danışılanlardan məlum olur ki, hadisə ilə bağlı xeyli müəmmalı məqam var.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Semral Cavad
Kamran Namazov
APA TV

Müəllif | Apa.Tv
Apa.tv