Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verildi
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində növbəti abadlaşdırılan həyət sakinlərin istifadəsinə verilib.
APA TV xəbər verir ki, yenilənən həyət Nizami rayonu, Şirin Mirzəyev küçəsi 58, 58A və Qara Qarayev küçəsi 33, 37 ünvanında 2200 sakinin yaşadığı binaları əhatə edir:
IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov layihənin əhəmiyyətini açıqlayır: “Sağlam mühit, sağlam həyat deməkdir. Və buna əsaslanaraq, IDEA ictimai birliyi təsisçi və rəhbərimiz Leyla Əliyevanın rəhbərliyi altında bu layihəni davam elətdirir. Xüsusən, xəstəliyin geniş yayıldığı bu vaxtda buna çox böyük əhəmiyyət veririk”.
Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri üçün idman qurğuları, futbol, şahmat, uşaqlar üçün oyun meydançaları salınıb.
Eyni zamanda, ərazidə 5 ədəd söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, təhlükəsizlik kameraları quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına riayət etməklə yeni ağaclar da əkilib və yaşıllıq zolaqları salınıb:
- Çox böyük işlər görülür. Evlərin təmiri, uşaqlar üçün istirahət yerləri və s. Baxanda adamın ürəyi açılır. Burada demək olar ki, hər şey var. bütün həyətlər belə olsa, çox gözəl olar.
- Çox razıyam, hər cür şərait yaradıldı, həm uşaqlarımız üçün, həm özümüz üçün. Çox gözəl alınıbdır hər yer.
- Doğrudan da hər şey göz oxşayır. Bütün təhlükəsizlik qaydalarına əməl olunub. Uşaqların əylənməsi üçün hər bir şərait yaradılıb. Bütün müasir standartlar tətbiq olunub.
- Əlbəttə ki, həm özümüz üçün, həm uşaqlar üçün, balacalar üçün çox yaxşıdır. Çox razıyıq.
Yenilənən həyətdə karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktiki tədbirlər həyata keçirilib, dezinfeksiya dispanserləri qoyulub, karantin rejimi qaydalarına riayət olunması ilə bağlı xəbərdarlıq edən maarifləndirici lövhələr quraşdırılıb.
Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.
Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.