Bakıda açıq səma altında müvəqqəti muzey fəaliyyətə başlayıb

 

“Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində Bakının tarixinə həsr olunan pop-up (müvəqqəti) muzeyin açılış mərasimi keçirilib.

APA TV-nin xəbərinə görə, nümayiş olunan bəzi parçalar ötən əsrin 20-30-cu illərində tikilən binaların fasadlarına aiddir. “Gördüyünüz bu daşlar vaxtilə Bakıda olan binaların qalıqlarıdır. Memarlıq abidələri özünəməxsus arxitekturası ilə seçilir”.

Açılış mərasimində çıxış edən Memarlar İttifaqının sədr müavini, sənətşünaslıq professoru Elçin Əliyev bu müvəqqəti muzeydə nümayiş olunan əsərlər barədə məlumat verib: “Azərbaycanda artıq bu ənənədir. Avropa İttifaqı tərəfindən hər il noyabrın 1-dən 10-a kimi, amma bu il 15-nə kimi Fantaziya Festivalı keçirilir. Artıq bir neçə ildir ki, bu festival Bakıda keçirilir. Hətta az öncə çıxışımda da Bakının 1920-1930-cu illərindən danışırdım. Memarlıq dövrü Bakının bir vizit kartıdır. Dünyada Bakını tək İçərişəhər və Qız Qalası ilə yox, 1920-1930-cu illərin memarlıq abidələri ilə də tanıyırlar. Şadam ki, bu gün də belə bir gözəl sərgidə Bakının saxlanılmış inciləri sərgisi keçirilir”.

Elçin Əliyev, Bakının obrazının əsrlər boyu dəyişilməsinə baxmayaraq, köhnə sökülmüş binalardan bəzi fasad elementlərinin saxlanıldığını bildirib: “Bütün şəhərlərə yen memarlıq abidələri gəlir. Şəhərlərin obrazları əsrlər boyu dəyişdirilir. Təəssüf ki, yeni memarlıq abidələri gələndə, köhnə memarlıq abidələri sökülür. Bəlkə də obyektiv bir prosesdir, bizdən asılı olmayan bir prosesdir. Bir-iki sökülmüş memarlıq qalıqlarını saxlaya bilmişəm”.

Qeyd edək ki, müvəqqəti muzey Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunan "Fantaziya" Mədəni İrs Festivalı çərçivəsində təşkil olunub. Noyabrın 15-dək davam edəcək festival çərçivəsində sərgilərin, konsertlərin, vork-şopların keçirilməsi nəzərdə tutulur.

Müəllif | Apa.Tv
Apa.tv