20:36 15 oktyabr 2021 418
Ana səhifə Xəbərlər

Bakıda ailə dramı: Ata içki almaq üçün uşaqlarını diləndirir – XÜSUSİ REPORTAJ

Axşam saat 19.00 radələri idi. APA TV-nin qaynar xəttinə Xətai rayonu Əhmədli qəsəbəsi, Vunqtau küçəsi 14 ünvanının sakinləri tərəfindən müraciət olundu.

 

Zəngin əhəmiyyətini nəzərə alıb sakinləri dinlədik. Məlum oldu ki, sözügedən ünvanda 37 yaşlı Günay Xəlilova artıq bir neçə aydır həyətdə və zirzəmidə 3 uşağı ilə gecələyir.

 

Çəkiliş qrupumuzla dərhal deyilən ünvana yollandıq. Günay və övladları ilə həyətdə qarşılaşdıq: “Üç uşaqla burda, qaçqınların binasında qalıram. Ünvanım elə Xətai Polis idarəsinin yanındadır. Gözlərim görmür, ona görə də heç harada işləmirəm. Uşaqlara işləmədən necə baxırsınız? Məscidə gedirəm, orda dayanıram. Sonra bu gördüyünüz həyətin sakinləri kömək edir, yemək verir, bir təhər baxıram”.

 

Günay Xəlilova iddia edir ki, yataqxanada yaşamasına baxmayaraq onun adına torpaq sahəsi olub: “Xəzər TV-nin aparıcısı Tolik mənim uşaqlarımın adına torpaq aldı, Dübəndi bağlarında. Mən onda vaqonda qalırdım. Orda uşaqların adına aldığı torpaqda ev tikdi. Müğənnilər də kömək elədi. Amma tikdiyini vermədi və bizi gətirdi qaçqınların qaldığı binada yerləşdirdi. Həyat yoldaşınız yoxdur? Var, içib buralarda qalır, zirzəmilərdə yatır. Uşaqlara mən baxıram. Gəlir hərdən maraqlanır, amma aldadıb məni yenə qaçır”.

 

Məcburi köçkünlərin məskunlaşdığı yarımtikilidə bir otaqlı mənzilinin olmasına baxmayaraq, niyə məhz küçədə qaldığı ilə maraqlandıq: “Evdə oturum, uşaqlara nə yedirdim? Uşağıma yemək almaq üçün çıxıram. Niyə sığınacaqda qalmırsınız? Orda qala bilmirəm, istəmirəm. Doğmalarınız yoxdur sizə kömək edə? Yox valideynlərim yoxdur. Özüm də yetim olmuşam. Uşaqlarımı verə bilmərəm. (AĞLAYIR) Əslim Qaxdandır. Atam oralı olub, orda böyümüşəm. Yoldaşım isə Bakının Nardaran kəndirdəndir. Yoldaşımın bacısı burda bu həyətdə qalır”.

 

3 övladı olan 37 yaşlı ananın təkcə özünün şəxsiyyət vəsiqəsi var. Amma onu da əri, Samir əlindən alıb. İddiasına görə 3 övladını Sabunçu rayon xəstəxanasında dünyaya gətirib. Hazırda Fatimənin 6, Azadənin 2 yaşı var. Zəhra isə altı aylıqdır. Amma uşaqların doğum şəhadətnaməsi yoxdur. Buna görə də məktəbə getməli olan Fatimə də, anası ilə birlikdə ya dilənçilik edir, ya da evdə oturub özündən kiçik bacılarına baxır.

 

Günayla tanışlıqdan sonra onu da öyrəndik ki, onun dilənçilik etdiyi həyətdə, yoldaşı Samirin bacısı yaşayır. Beləcə qərara gəldik ki, bibini də dinləyək:

 

- Niyə Günay və övladları həyətdə gecələyir?

 

Niyə gecələyir ki, qaçqınlar ev verib ona. Getsin qalsın da.

 

- Siz bibisiz, necə dözürsünüz uşaqlar bayırda qalır?

 

Məni niyə çəkirsiniz e, getsin öz evində qalsın, qardaşım içir, mən niyə onun övladlarına baxmalıyam.

 

Artıq axşam saat 10-dur. Bibinin bu cavabından və bizi təhdidindən sonra Günayı və övladlarını da götürüb onun dediyi ünvana, yəni qaldığı yataqxanaya yollanırıq. Ünvanını çətinliklə xatırlayır.

 

Yataqxananın qarşısında ağbirçək bir qadınla qarşılaşırıq.

 

- Qızım nə yaxşı gəldiniz. Bunlara sahib çıxın. Zülmlə yaşayırlar. Qızım uşaqları götürüb aparır, 1 manatdan uşaqlara görə pul yığır o ata, sonra da içir. Qalıblar çarəsiz vəziyyətdə.

 

Artıq Günayın mənzilindəyik. Burada, gördüyünüz bu mənzildə qalır: “Burda qalıram. O da içir, günlərlə evə gəlmir. Qazandığımız pulu aparıb içkiyə verir. Baxmır. Qonşular da görür”.

 

Gecə saatları olduğundan Günaya və 3 azyaşlı körpəyə heç bir yardım edə bilmirik. APA TV olaraq məsələnin ciddiyyətini nəzərə alıb əvvəlcə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxlayırıq.

Daha sonra Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğluna məlumat veririk.

 

Gec saatları olduğundan problemin araşdırılması ilə bağlı sabah səhər saatlarında bizimlə birgə ailəyə baş çəkəcəklərini deyirlər. Ertəsi gün Xətai Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlar bölməsinin rəisi Fərid Rəhimov, 36 saylı polis bölməsinin əməliyyat qrupu, Sosial Xidmətlər Agentliyinin 5 saylı filialının müdiri Vaqif Əliyevlə birlikdə Günay Xəlilovanın məskunlaşdığı mənzilə baş çəkirik: “Xanım övladları ilə birgə sosial durumu ağır vəziyyətdə yaşayır. Əgər özünün icazəsi varsa bizim sığınacaqda Günay xanımı övladları ilə birlikdə yerləşdirək. Sənədləri hazırlandıqdan sonra əgər qanunauyğundursa ailənin ünvanlı dövlət yardımı alması üçün, qadının pensiya alması üçün müvafiq tədbirlər həyata keçirə bilərik. Araşdırma aparıb, ailəyə əlimizdən gələn köməkliyi etməyə çalışacağıq”.

 

Beləliklə Bakı şəhər Baş polis isdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin azyaşlılarla profilaktik işin təşkili bölməsi və Xətaii rayon Pllis bölməsinin eyni adlı şöbəsinin əməkdaşları tərəfindən qanunvericiliyə müvafiq olaraq Günay Xəlilova və 3 azyaşlı övladı 36 saylı polis bölməsinə dəvət olunur. Xətai Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlar bölməsinin rəisi Fərid Rəhimovun, Sosial Xidmətlər Agentliyinin 5 saylı filialının müdiri  Vaqif Əliyevin iştirakı ilə onunla təxminən 3 saatlıq danışıqlar aparılır. Günay Xəlilova aparılan danışıqlara baxmayaraq övladları ilə birgə sığınacaqda yaşamaqdan imtina edir. Həyat yoldaşı Samirin polis bölməsinə dəvət olunaraq profilaktik söhbət aparılacağı bildirilir.

 

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu ilə əlaqə saxladıq. Komitə rəsmisi bildirdi ki, ailənin vəziyyəti qiymətləndirilib. Ailə başçısı Samir adlı şəxs alkoqol düşkünü olduğundan onun müalicəsinə qərar verilib. Ana isə övladlarından ayrı qala bilməyəcəyini, bu kimi halları bir daha təkrarlamayacağını qeyd edib. Bu səbəbdən də Xətai Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya uşaqların anada qalmasına razılıq verib. Bundan sonra ailəni rayon icra hakimiyyəti nəzarətdə saxlayacaq, imtiyazlardan istifadə olunacaq.

 

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət komitəsi də öz növbəsində problemi diqqətində saxlayacaq.

 

APA TV-nin müdaxiləsindən sonra Günay Xəlilovanın ailəsi müraciət etdiyimiz nazirliklər və aidiyyəti dövlət qurumları tərəfindən diqqətə götürüldü.

 

Günay Xəlilovanın ailəsinin adına Pirallahı rayonunda verilən torpaq sahəsi ilə bağlı məsələnin qaranlıq məqamlarına isə prodüsser Tarix Əliyev aydınlıq gətirdi: “Mən bu ailənin vaqonda yaşadığını sosial şəbəkələrdə görüb baş çəkməyə getdim. Pirallahı Rayon İcra Hakimiyyətinin başçısına efir vasitəsi ilə müraciət etdim. Bir gündən sonra 2 sot torpaq heç bir məbləğ ödənilmədən ailəyə ayırdılar. Öyrəndik ki, ailə başçısı içki düşkünüdür. Səbəbini soruşduq, dedi ki, evim, eşiyim yoxdur, içirəm. Mən heç bir sosial şəbəkədə kart paylaşıb bu ailənin adına pul yığmamışam. Sadəcə imkanlı dostlarımın köməkliyi ilə ayrılan torpaq sahəsində ev tikmişik, dam qoymuşuq. Qapısı, pəncərəsi hələ də yoxdur. Biri sement, biri qum, biri daş gətirib”.

 

Ev tikildikdən sonra Tarix Əliyevə bildirib ki, ailə Pirallahı rayonunda qeydiyyatda olmadığında ev onlara verilə bilməz: “Ailənin birlikdəliyini təsdiq edən nikahı yoxdur. Pirallahıda qeydiyyatda da deyillər. Ona görə də bu evdə onların qalması mümkün olmayacaq. Elə ona görə də evin tikilisi yarıda saxlanıldı. İcra Hakimiyyətindən mənə verilən sərəncamda bildirilir ki, satıla bilməz və əgər pay verilərsə belə mütləq İH məlumatlandırılmalıdır. Evin sənədləri isə mənim adımadır. Təmənnasız verilib”.

 

Tarix Əliyev məhz ailə başçısının tüfeyli həyat tərzi keçirməsi ilə əlaqədar ailəyə sözügedən rayondan mənzil verilmədiyini deyir.

 

Bundan sonra ailənin acınacaqlı durumuna biganə qala bilməyən Tarix Əliyev yaxın dostlarının köməkliyi ilə ailənin məskunlaşması üçün yataqxanadan min manat ödəyərək mənzil alır və ailəni ora yerləşdirir. Otağı təmir etdirir, mebellə təmin edir. Yataqxana sakinləri, məcburi köçkünlər də onun dediyi bu faktı təsdiqləyirlər.

 

Məsələyə aydınlıq gətirən Pirallahı rayon İcra Hakimiyyətinin sektor müdiri Rüfət Əhmədov bildirib ki, Tarix Əliyev ailəyə kömək məqsədi ilə efir vasitəsi ilə müraciət edib. Rayon İcra Hakimiyyəti isə 2 sot torpaq sahəsini Tarix Əliyevin adına rəsmiləşdirib. Sərəncama əsasən torpaq sahəsi nə satıla, nə də bağışlanıla bilər. Ailənin tüfeyli həyat tərzi keçirdiyi, həmçinin sözügedən rayon qeydiyyatında olmadığı əsas gətirilərək torpağın aidiyyəti üzrə istifadə olunmayacağı məlum olub.

 

Günün sonunda ailə başçısı, tüfeyli həyat tərzi keçirən Samir Xətai rayonu 36-cı polis bölməsi tərəfindən saxlanılıb. Günay Xəlilovanın şəxsiyyət vəsiqəsi ondan geri alınıb. Samirlə bağlı artıq araşdırmalara başlanılıb, haqqında toplanmış materiallar məhkəməyə göndəriləcək. Məhkəmə qərarından sonra o, məcburi müalicə müəssisəsinə yerləşdiriləcək.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın