Bakıda aptek satıcısını soyan şəxs yaxalandı
Paytaxt ərazisində soyğunçuluqla məşğul olan şəxslər saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Lənkəran şəhər sakini Elvin Əliyev saxlanılıb.
Məlum olub ki, saxlanılan şəxs paytaxt sakini Rahil Əliyevin idarə etdiyi “VAZ-21012” markalı avtomobilə müştəri kimi əyləşərək onu qorxudub və 100 manat dəyərindəki “Samsung” markalı mobil telefonunu, eləcə də 25 manat nağd pulunu əlindən alıb.
Həyata keçirilən digər əməliyyat nəticəsində Tbilisi prospekti-13 ünvanında yerləşən aptekin kassasından soyğunçuluq yolu ilə 2000 manat oğurlayan, əvvəllər dəfələrlə məhkum olunmuş, Sumqayıt şəhər sakini Vüsal Hüseynov tutulub.
Qeyd edək ki, hadisə zamanı Vüsal Hüseynov aptekə daxil olaraq satıcıdan əvvəlcə müxtəlif növ dərman vasitələri istəyib. Bundan sonra o, satıcının başının qarışıq olmasından istifadə edərək kassadakı pulu ələ keçirib. Araşdırma zamanı onun paytaxtın digər ərazilərində də eyni üsulla bir neçə aptekdən oğurluq etdiyi məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb.