Bakıda aşpazlar arasında çempionat keçirilir
Mayın 18-də “INTERFOOD 2023” Beynəlxalq Qida Sənayesi Sərgisi çərçivəsində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Qızıl şah” 3-cü Milli Kulinariya Çempionatına start verilib. Yarışma Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının təşkilatçılığı, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Kulinariya Mərkəzi və “CEO Azerbaijan” MMC-nin dəstəyi ilə keçirilir.
İki gün ərzində Milli Kulinariya Çempionatında 100-dən çox iştirakçı “Gənc aşpaz”, “Böyük aşpaz” və “Qənnadçı aşpaz” kateqoriyaları üzrə yarışacaq. Sonda ən yaxşı 100 iştirakçının reytinqi müəyyənləşdiriləcək.
Bu il "Qızıl Şah" Milli Kulinariya Çempionatı Azərbaycanda ilk dəfə olaraq rəsmi “Worldchefs” çempionatı statusu ilə keçirilir. Bu isə Milli Kulinariya Çempionatının qaliblərinin, yarışmanın nəticələrinin və praktika keçən münsiflərin sertifikatlarının Beynəlxalq Kulinariya Cəmiyyəti tərəfindən birbaşa tanınmasına imkan yaradır.