Bakıda avtomobil piyadanı vuraraq öldürüb
Yasamal rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV xəbər verir ki, qəza 20 Yanvar dairəsi yaxınlığında, Müzəffər Həsənov küçəsində qeydə alınıb.
Küçə ilə hərəkətdə olan "Jeep" markalı avtomobilin sürücüsünün qarşısına anidən orta yaşlı piyada kişi çıxıb. Nəticədə avtomobil piyadanı vurub.
Yaralı aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.
Meyitin üzərinə ilkin baxış keçirilən zaman üzərindən şəxsiyyətini təsdiq edən sənəd aşkarlanmadığından ölən şəxsin kimliyini müəyyən etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.