Bakıda avtomobilin salonunda müştərilərə xidmət göstərən kafe sahibi həbs edildi
Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə fəaliyyət göstərən pub-restoran aşkar edilib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı qəsəbə ərazisində yerləşən “Kabak” restoranının sahibi Samir Qəhrəmanovun sanitar-karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi və müştərilər qəbul etdiyi məlum olub.
Hətta obyektin sahibi restoranın işlədiyi barədə xüsusi reklam çarxları hazırlayaraq sosial şəbəkələrdə yayıb.
Qeyd edək ki, Samir Qəhrəmanov və işçiləri məsuliyyətdən yayınmaq üçün avtomobili ilə obyektin qarşısında dayanan müştərilərə elə nəqliyyat vasitəsinin salonunda xidmət göstəriblər. Bunun üçün Samir Qəhrəmanov avtomobilin salonuna spirtli içkilər və yeməklər təqdim etmək üçün xüsusi qablar da düzəltdirib.
Obyektə və oranın mətbəxinə baxış zamanı yeməklərin adi sanitar-gigiyenik qaydalara belə əməl olunmadan hazırlandığı ortaya çıxıb. Tədbir zamanı obyektin ümumilikdə 11 işçisi və 7 müştərisi saxlanılaraq Polis İdarəsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan Samir Qəhrəmanov və restoranın əməkdaşı Azad Böyükişiyev 10 və 30 sutka inzibati qaydada həbs edilib.
Araşdırma zamanı Azad Böyükişiyevin narkotik vasitə aludəçisi olduğu da məlum olub.
Müştərilər və obyektin digər əməkdaşları isə hər biri 100 manat cərimə olunublar.