Bakıda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü keçirilib

Azərbaycana rəsmi səfərə gələn Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun martın 11-də rəsmi qarşılanma mərasimi olub.

 

APA TV xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşıladı.

 

Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan Prezidentinə raport verdi. Prezident İlham Əliyev və Prezident Qurbanqulu Berdiməhəmmədov fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

 

Türkmənistan Prezidenti Azərbaycan əsgərlərini salamladı. Türkmənistanın və Azərbaycanın dövlət himnləri səsləndi.

 

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Qurbanqulu Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər.

 

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü oldu. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:

 

- Hörmətli cənab Prezident, əziz Qurbanqulu Məlikquliyeviç.

 

Sizi yenidən Azərbaycan torpağında görməyə çox şadam. Bizim görüşlərimiz mütəmadi xarakter daşıyır. Biz bu görüşlərdə çox mühüm məsələlərə dair qərarlar qəbul edirik. Xalqlarımız arasında qardaşlıq münasibətlərinin çoxəsrlik tarixi var. Bu, dostluğun, qardaşlığın, qarşılıqlı dəstəyin tarixidir. Biz həmişə bir-birimizi dəstəkləmişik, bir-birimizin uğurlarına həmişə sevinmişik. Bu gün biz iki müstəqil dövlət olaraq fəal surətdə öz gələcəyimizi qururuq.

 

Sizi və qardaş türkmən xalqını müstəqillik dövründə qazandığınız böyük nailiyyətlər, Türkmənistanın hərtərəfli inkişafı, beynəlxalq arenada fəal mövqeyi, çoxsaylı mühüm sosial-iqtisadi məsələlərin həlli münasibətilə təbrik etmək istərdim. Biz də, dostlarınız, qardaşlarınız kimi sizin uğurlarınıza sevinirik. Sizin bugünkü səfəriniz bizim siyasi, iqtisadi, nəqliyyat, humanitar əməkdaşlıq sahələrini əhatə edən çox geniş gündəliyə dair fəal dialoqumuzun davamıdır. Sizin görüşünüzə hazırlaşarkən mən bizim əməkdaşlığımıza dair informasiya ilə bir daha tanış oldum. Biz çox müsbət dinamika müşahidə edirik. Bu, bizi sevindirir. Çünki bu gün, dünyada iqtisadi-maliyyə sahəsində hələ boşluqların olduğu bir dövrdə bizim aramızda iqtisadi-ticari münasibətlər inkişaf edir, əmtəə dövriyyəsi artır. Biz öz regionumuzda - Xəzər, Mərkəzi Asiya və Qafqaz regionunda çox mühüm məsələləri həll edirik. Buna görə əminəm ki, ölkəmizə budəfəki rəsmi səfəriniz səmərəli, məhsuldar olacaq və yaxşı nəticələr verəcək. Bir daha xoş gəlmisiniz. Azərbaycanda vaxtınızın xoş keçməsini arzu edirəm.

 

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov dedi:

 

- Təşəkkür edirəm, İlham Heydər oğlu. İcazə verin, dəvətə və nümayəndə heyətimizi qəbul etdiyinizə görə Sizə minnətdarlığımı bildirim.

 

Biz həmişə olduğu kimi, Sizin qonaqpərvərliyinizi, səmimiyyətinizi hiss edirik. Biz Sizə minnətdarıq. Əlbəttə, biz bu rəsmi səfərə çox böyük əhəmiyyət veririk. Bu səfər bizim dövlətlərarası dialoq kontekstində keçir və beynəlxalq, siyasi, iqtisadi, mədəni-humanitar sahələrə aid məsələlərin birgə müzakirələrinin davamıdır. Düşünürəm ki, bugünkü görüşümüz, danışıqlarımız da dostluq münasibətlərimizin möhkəmlənməsinə yaxşı təkan verəcək. Türkmənistan-Azərbaycan dostluq münasibətlərinə verdiyiniz şəxsi töhfəyə görə də Sizə təşəkkür etmək istərdim.

 

Sizə ali dövləti fəaliyyətinizdə böyük uğurlar və ən başlıcası, Sizin şəxsinizdə bizim qardaşlarımıza, Azərbaycan xalqına rifah, firavanlıq arzu etmək istəyirəm. Bir daha dəvətə görə sağ olun.

 

* * *

 

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü oldu. Görüşdə Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığı vurğulandı, Azərbaycan və Türkmənistan prezidentlərinin qarşılıqlı səfərlərinin mütəmadi həyata keçirildiyi qeyd olundu. Türkmənistan Prezidentinin səfəri çərçivəsində 20-yə yaxın sənədin imzalanacağı, Azərbaycan Respublikası Prezidentinin 2018-ci ildə Türkmənistana səfəri zamanı 20-dən artıq ikitərəfli sənədin imzalandığı vurğulandı və bununla da ikitərəfli müqavilə-hüquq bazasının genişləndiyi bildirildi. Azərbaycan və Türkmənistan xalqlarının ortaq etnik kökə, mədəniyyətə və ənənələrə malik olduqları vurğulandı.

 

Azərbaycanın və Türkmənistanın beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi təsisatlarda sıx əməkdaşlıq etdiyinin vurğulandığı görüşdə diqqətə çatdırıldı ki, ölkələrimiz daim bir-birlərinin təşəbbüslərinə dəstək göstərirlər.

 

Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin və nəqliyyat daşımalarının artması məmnuniyyətlə qeyd olundu.

 

Söhbət zamanı Xəzər dənizinin Azərbaycan və Türkmənistanı birləşdirən məkan olduğu bildirildi, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyəti vurğulandı.

 

Görüş çərçivəsində enerji, kənd təsərrüfatı, elm-təhsil, turizm, mədəniyyət, idman və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparıldı.

 

Görüşdən sonra iki ölkə arasında 18 sənəd imzalanıb.

 

Müəllif | Apa.Tv
Apa.tv