Bakıda bayram yarmarkaları keçirilir – ÜNVANLAR VƏ QİYMƏTLƏR
“Xalqımızın milli adətlərini özündə cəmləşdirən novruz bayramına sayılı günlər qalıb. Paytaxt sakinləri bayramı daha yadda qalan edə bilmək üçün paytaxtın müxtəlif istiqamətlərində təşkil olunan kənd təsərrüfatı yarmarkalarına üz tuturlar. Yarmarkalarda satıcılar üçün daha əlverişli şərait yaradılıb. Onlar burada öz məhsullarını rahat şəkildə sata bilirlər. Eyni zaman da alıcıların da məhsulların qiymətindən razı qaldıqları görünür”
Xurma 5 manat, pomidor 1 və 2 manat arasında, müxtəlif çeşidli meyvə quruları isə 5 və 15 manat arasında dəyişir. Bütün bunlar paytaxtın Gənclik metrosu ərazisində kənddən şəhərə adı ilə təşkil olunan bayram yarmarkasında alıcılara təklif olunan qiymətlərdir. Bundan əlavə yarmarkada ümumi bazar qiymətindən 20, 30, bəzən isə 50 % ucuz kənd təsərrüfatı məhsullarını almaq mümkündür. Satıcılar deyir ki, burda məhsul satmaq sərfəlidir:
“Salyandan gəlmişəm. Pomidor, xiyar, badımcan gətirmişik. Öz məhsulumuzdur. Sağ olsunlar. Şərait yaradıblar təmənnasız olaraq. Biz də gətirib satırıq”.
“Lənkəran rayonunun Parakənd kəndindən gəlmişəm. Bal və bal məhsulları gətirmişəm. Allaha şükür alıcılıq yaxşıdır. Qiymətlər bazarlardan ucuzdur. Hər balda 5-10 manat fərqi ilə biz burada sərbəst satış edə bilirik. Xərcimiz az çıxır, yer pulu vermirik .
Yarmarkada daha çox alıcı cəlb edə bilmək, həmçinin insanlara kənd həyatını aşılamaq üçün müxtəlif üsullardan istifadə edən satıcılara da rast gəlmək mümkündür: “İsmayıllı rayonundan gəlmişik. İsmayıllının təmiz kənd məhsullarını təqdim edirik. Əynimdəki geyim isə çobanların milli geyimidir. Ağacı da xüsusi olaraq götürmüşəm. İnsanlarımız daha yaxşı qidalansın, sağlam yaşasınlar, məhsullarımız təmizdir. Nehrə yağı, bal, qaymaq hər biri təmiz kənd məhsullarıdır”.
Kənd Təsərrüfatı nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin mətbuat katibi Mayis Musayevin sözlərinə görə, mütəmadi olaraq “Kənddən Şəhərə” yarmarkaları təşkil olunur. Bu günə qədər yalnız həftə sonları fəaliyyət göstərən yarmarkalar, bayramla əlaqədar olaraq mart ayının 19-a qədər hər gün fəaliyyət göstərəcək: “Yarmarka 3 ünvanda - Gənclik metrosu yaxınlığı, Nərimanov rayonu, Binəqədi rayonunda və Xırdalan şəhərində Heydər Əliyev Prospekti 41 a ünvanında fəaliyyət göstərir. Yarmarkaların təşkilində əsas məqsəd həm paytaxt sakinlərinin kənd təsərrüfatı məhsullarını rahat əldə bilməsini təmin etmək, eyni zamanda yerli qida istehsalçılarının məhsullarının satışına dəstək göstərməkdir. 3 ünvanda təşkil olunan yarmarkada ümumilikdə 100-dən artıq fermer iştirak edir. 30-dan artıq regiondan gələn fermerlər yetişdirdikləri 60-dan çox çeşiddə məhsulu satışa çıxarıblar. Elə fermerlər var ki, gətirdikləri bütün məhsulun tamamını 2 günə satıb qurtarır. Bəzən isə 70-80 faizini satırlar”.
Qeyd edək ki, yarmarka karantin qaydalarının tələblərinə uyğun şəkildə aparılır.
Yarmarkaya daxil olan hər bir şəxsin temperaturu ölçülür, dezinfeksiya edici vasitədən istifadə olunur. Satıcılar arasında sosial məsafə 2 metrdən az olmayaraq müəyyənləşdirilir. Bundan əlavə sıxlığın yaranmaması üçün giriş hissəyə monitor quraşdırılıb ki, alıcı istənilən məhsulun qiymətinə buradan da baxa bilər.
Xələf Xələfov
Əli Ələkbər
APA TV