Bakıda Beynəlxalq Enerji Xartiyası Forumu keçirilir
Bakıda Beynəlxalq Enerji Xartiyası Forumu öz işinə başlayıb.
APA TV-nin məlumatında görə, Bakı Hilton otelində Azərbaycanın Energetika nazirliyi və Enerji Xartiyası Katibliyinin ortaq təşkilatçılığı ilə keçirilən forum “Texnologiya və siyasət innovasiyaları vasitəsilə enerji keçidinin təmin edilməsi” mövzusuna həsr olunub. Energetika naziri Pərviz Şahbazov müasir dövrdə enerji sektorunun yeni mərhələyə qədəm qoyduğunu bildirdi: “Enerji sektoru hazırda sürətli dəyişikliklər dövrünü yaşayır.
Bu sektor qlobal miqyasda transformasiya mərhələsinə daxil olur. Enerji təhlükəsizliyi, iqtisadi inkişaf və ətraf mühitin qorunması arasında balansın təmin edilməsi, davamlı inkişaf zərurəti kimi qlobal çağırışlar bu gün də hər birimizə ünvanlanır”.
Nazir bu qəbildən olan forumların Bakıda keçirilməsini Azərbaycanın dünyada əsas enerji ölkələrindən biri kimi tanınması ilə əlaqələndirib: “Böyük miqyaslı enerji forum və konfransları üçün Bakının seçilməsi həm də onun dünyanın enerji arxitekturasındakı tarixi və müasir rolu ilə bağlıdır. Tarixi müstəvidə Bakı dünyanın enerji paytaxtı, müasir dövrdə isə aparıcı enerji mərkəzlərindən biridir”.
Xatırladaq ki, Beynəlxalq Enerji Xartiyası Azərbaycan da daxil olmaqla 55 ölkəni özündə birləşdirir və bu qurum 20 ildən çoxdur Azərbaycanla əməkdaşlıq edir.