Bakıda bir sıra obyektlər işə başladı - 29 GÜNDƏN SONRA İLK DƏFƏ
Bu gündən etibarən ölkə ərazisində xüsusi karantin rejiminin yumşaldılması ilə bir sıra obyektlər fəaliyyətini yenidən bərpa edib. Bununla da paytaxtda ötən günlərlə müqayisədə xeyli hərəkətlilik hiss olunmaqdadır.
Məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasından sonra ölkənin bütün ərazilərində olduğu kimi paytaxt Bakıda da həyat yavaş-yavaş öz axarına düşür.
APA TV-nin məlumatında görə, geyim mağazaları, ayaqqabı və dəri məmulatlarının satışı, mobil cihazların və kompüter avadanlıqlarının satışı və təmirini həyata keçirən obyektlər və bunun kimi 20-dən çox fəaliyyət sahəsinin vətəndaşlara xidmət göstərməsinə icazənin verilməsi dükan və mağazalarda böyük canlanma yaradıb.
Qadın və kişi geyimlərinin satışını həyata keçirən mağazanın sahibi İlkin Mirzəyev deyir ki, hazırkı satış karantin günlərindən əvvəlkindən heç nə ilə fərqlənmir: “Hazırda alış-verişdə müsbət göstəricilər var. Biz görürük ki, əhali gəlir alış-veriş edir. İndi günün ikinci yarısına keçsək belə yenə də müştəri tələbatı var. Bir qədər uşaq paltarlarına tələbat azalıb. Amma kişi və qadın geyimlərinin satışında heç bir problem yoxdur”.
Bəzi fəaliyyət sahələrində isə müştəri qıtlığı yaşanır.
Kitab mağazasının müdiri İman İmanov deyir ki, karantin müddətində onlayn satış daha çox olub: “Bu gün demək olar ki, elə də sıxlıq və tələbat müşahidə olunmayıb. Karantin günlərində onlayn satışımız bundan daha çox idi. Hazırda insanların daha çox evdə olması ilə əlaqədar o qədər də çox alıcı sıxlığı müşahidə edilmir”.
Kompüter ustası Rauf Hümbətov da müştəri azlığından şikayətlənir: “Hələ ki, 1 nəfər müştəri gəlib. Problemini deyib. Çalışırıq ki, həll edək. Küçələrdə insan azdır. Ona görə də, demək olar ki, müştəri yoxdur. İnşallah, yaxşı olar”.
Satıcılar kimi alıcılar da karantin rejiminin yumşaldılması qərarından xeyli məmnundurlar. Düzdür, dükan və mağazalarda o qədər də çox alıcıya rast gəlməsək də, 8103 nömrəsinə SMS göndərib icazə ilə alış-verişə çıxanlar da az deyil:
Alıcı Leyla Xıdırova dükanların bağlı olduğu müddətdə çox əziyyət çəkdiklərini deyir: “Çox yaxşıdır bu. Düz 1 aydır ki, dükanlar bağlı idi. Biz çox əziyyət çəkirdik. Bəzi xırda şeylər var ki, marketlərdə tapılmır. Ona görə, çox əziyyət çəkirdik. Bu gün evdən sərbəst şəkildə çıxmışıq ki, nəsə ala bilək”.
Ramil Əhmədov isə digər sahələrin də açılmasını təklif edir: “Gözəllik salonları, bərbərxanalar da açılsa, daha yaxşı olar. Həyat öz normasında, axarında davam edər”.
Qeyd edək ki, xüsusi karantin rejiminin yumşaldılmasından sonra qrup halında məşğələlər istisna olmaqla fərdi tədris və repetitor xidmətləri, kitab, qəzet və dəftərxana mallarının satışı, fotoatelye və fotostudiyalar, çap və sürətçıxarma fəaliyyəti, fərdi mənzillərdə təmizlik xidmətləri, dərzi xidmətləri, kosmetika və ətriyyat satışı, ayaqqabı və dəri məmulatlarının satışı, qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti, mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri, kompüter avadanlıqlarının satışı və təmiri, elektronika və məişət texnikasının satışı, mebel satışı, avtomobil satışı, kimyəvi məhsulların satışı, gül və bitki məhsullarının satışı, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı, gübrə və aqrokimyəvi məhsulların satışı həyata keçirilə bilər.
Məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə icazə verilir.
Həmidağa Məcidov,
Faiq Həsənov,
APA TV