Bakıda çoxmənzilli binalarda yeni liftlər quraşdırılır
Prezident İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı sərəncamın icrası ilə bağlı bu il də paytaxtda yeni liftlərin quraşdırılması işləri davam etdirilir.
Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərovun APA TV-ə verdiyi məlumata görə, cari il üçün alman istehsalı olan 625 yeni liftin alınaraq Bakıya gətirilməsi nəzərdə tutulub: “Bu gün Bakıya artıq 240 lift gətirilib, siz burada gördünüz. Bu gündən də başlanılır onların montajına. Liftlər blokun qarşısına gətirilir, köhnə liftlər demontaj edilib bazaya göndərildikdən sonra təzələrin montajına başlanılır. Montaj prossesində də bizim işçilər texniki nəzarəti həyata keçirirlər”.
Əlavə olaraq, liftlərə operativ xidmətin göstərilməsi üçün 5 yeni avtonəqliyyat vasitəsi alınıb. Xalid Ələkbərov deyir ki, yeni liftlər müasir elektron sistemlə təchiz olunub ki, bu da qəza zamanı vətəndaşların avtomatik təxliyə olunmasına şərait yaradır. Yeni liftlər istismara verildikcə bu məntəqəyə qoşulacaq: “Bu liftlər müasir tələblərə cavab verdiyinə görə, onlar üçün xaricdən idarəetmə də quraşdırılıb. Gələcəkdə bütün liftlərin idarə edilməsi və xidmət göstərilməsi birbaşa otaqda oturan operatorlar tərəfindən həyata keçiriləcək. Lazımi məlumatlar alınır, daim o liftlərə nəzarət olunur”.
Qeyd edək ki, görmə qabiliyyəti məhdud olan şəxslərin istifadəsi üçün liftlərin çöl və içəri düymələri brayl əlibası ilə işarələnib. Yeni liftlərin özəlliklərindən biri də yükqaldırma qabiliyyətinin və sürətinin yüksək olmasıdır.
İslam Qədirli,
Əli Ələkbər,
APA TV