Bakıda əlillər üçün Müalicə Pansionatı istifadəyə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkan Müalicə Pansionatı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

 

APA TV-nin xəbərinə görə, nazir müavini Anar Kərimov bildirib ki, pansionatın əlilliyi olan şəxslərin istifadəsinə verilməsi dövlətin bu kateqoriyaya aid olan insanlara göstərdiyi qayğının təzahürüdür: “Bu, vacib bir sosial müəssisədir. Çünki əsaslı təmirdən sonra burdakı çarpayıların sayı artırılaraq 188-ə çatdırılıb. Eyni zamanda burada 137 əməkdaş çalışacaq və yeni iş yerləri yaradılacaq. Əsaslı təmirdən sonra yaradılan bu müəssisə il ərzində 5000 vətəndaşımıza stasionar xidmət göstərəcək, 1500 vətəndaşımıza isə ambulator şəkildə xidmət edəcək”.

 

Daha sonra nazir müavini əlilliyi olan şəxslər üçün yaradılan şəraitlə tanış olub.

 

Pansionatda laboratoriya, ultrasəs, elektrokardioqrafiya müayinələrinin aparılması, effektiv təsirə malik fizioterapevtik müalicə prosedurları tətbiq edilməsi üçün hər cür şərait yaradılıb. Əlillər özləri də yaradılan şəraitdən məmnun qaldıqların bildirdilər: “Belə bir şəraiti yaratdıqlarına görə ölkə başçımız cənab İlham Əliyevə, bütün əməyi olan insanlara təşəkkürümü bildirirəm. Mən şadam ki, həssas insanlara, xüsusən də Qarabağ müharibəsi əlillərinə belə bir şərait yaradılıb. Onların müalicə və reabilitasiyası üçün gözəl şərait yaradıblar. Çox sağ olsunlar. Çox razıyıq”. “İndi gəlmişəm bura. Həqiqətən də bu gözəl şəraitə baxıb həsəd apardım. Görürsünüz, otağın şəraitinə baxın. 2 nəfərlik otaqdır. Bütün hər şəraiti var. Səliqə-sahman var, müalicələr də superdir”.

 

Hazırda nazirliyin 14 bərpa-müalicə müəssisəsinin olduğunu qeyd edən Anar Kərimov dövlət başçısının tapşırığına uyğun olaraq ölkəmizdə bərpa müalicəsi infrastrukturunun müasirləşdirilməsi sahəsində aparılan işlər barədə də məlumat verib.

 

Həmidağa Məcidov,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv