Bakıda evlərdən oğurluq edən şəxs yaxalandı – VƏTƏNDAŞLARA 9 MİN MANAT ZİYAN VURUB
Paytaxtın Sabunçu rayonunda evlərdən oğurluq edən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan paytaxt sakini Səbuhi Hüseynov evindən oğurluq edilməsi barədə ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edib. Bildirib ki, evin plastik pəncərəsini sındırıb içəri daxil olan naməlum şəxs mənzildən ümumi dəyəri 1200 manat olan qızıl-zinət əşyalarını oğurlayıb. Eyni zamanda həmin qəsəbədə yaşayan daha 5 nəfər oxşar məzmunlu şikayətlərlə polisə müraciət ediblər.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini Elşən İsayev tutularaq istintaqa təqdim edilib. O, törətdiyi qanun pozuntularını etiraf edərək ümumilikdə 6 evdən oğurluq etdiyini bildirib.
Araşdırma zamanı müəyyən olunub ki, Elşən İsayev evlərdən oğurladığı qızıl-zinət əşyalarının bir qismini “İnstagram” sosial şəbəkəsində satıb. Əldə etdiyi pul vəsaitlərini isə şəxsi ehtiyaclarına xərcləyib. Onun ümumilikdə zərərçəkənlərə 9 min manata yaxın maddi ziyan vurduğu məlum olub.
Elşən İsayev barəsində cinayət işi açılıb, ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.