Bakıda fəaliyyətinə icazə verilən obyektlərin fəaliyyəti ilə bağlı reyd keçirildi

Sərt karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlarda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.

 

APA TV xəbər verir ki, bu gün paytaxtın Nərimanov rayonunda karantin rejimi dövründə fəaliyyətinə icazə verilən obyektlərin fəaliyyəti ilə bağlı reyd keçirilib.

 

Reyd zamanı bir neçə müəssisədə ara məsafəsini müəyyən edən müvafiq nişanlama xətlərinin olmaması aşkarlanıb. Bununla yanaşı, dezinfeksiyaedici məhlullar və hərarəti ölçən cihazlardan istifadə edilməməsi halları da müşahidə edilib. Qaydaları pozan vətəndaşlarla profilaktik söhbət aparılaraq, onlara sanitar-epidemioloji normalara riayət edilməsi, ara məsafəsinin təmin edilməsi, eləcə də tibbi maskadan istifadənin zəruriliyi barədə tövsiyələr verilib:

 

Polis və DİN əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər çərçivəsində karantin postlarında da yoxlanış həyata keçirilib, vətəndaşların icazələrinə baxılıb:

 

Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev deyir ki, avtomobillərin sıx hərəkət etdiyi küçə və prospektlərdə ləngimələrin qarşısını almaq məqsədilə əlavə yoxlayıcılar cəlb olunub ki, bu da yollarda sıxlığın qarşısını alır: “Qeyd edək ki, yanvarın 7-də müvafiq icazəsi olmadan karantin postlarından keçməyə cəhd edən 2450 avtomobil saxlanılaraq geri qaytarılıb. Onu da qeyd edim ki, karantin qaydalarını pozan 3186 nəfər barəsində inzibati tənbeh, 4 nəfər barəsində inzibati həbs tədbiri tətbiq olunub”.

 

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən bu cür tədbirlər davam etdiriləcək.

 

İslam Qədirli,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv