Bakıda “Fəhlə əlləri” parkı yenidən qurularaq istifadəyə verilib
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail rayonunda abadlıq və quruculuq işləri davam edir.
APA TV xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyəti tərəfindən 20-ci yaşayış sahəsində yerləşən “Fəhlə əlləri” parkında yenidənqurma işləri həyata keçirilib.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Şəmmədov deyir ki, Arif İsmayılov küçəsində yerləşən park, aparılan əsaslı yenidənqurma işlərindən sonra bu gün sakinlərin istifadəsinə verilib: “Bu parkın özəlliyi ondadır ki, 1978-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Neftçilər üçün salınmışdı. Burada gördüyünüz “Fəhlə Əlləri” abidəsi 10 metr hündürlüyündədir və Azərbaycanın o vaxtki memarları və rəssamlarının birgə layihəsi çərçivəsində yaradılmışdı. Bu ilin əvvəli başlanan yenidənqurma işləri artıq yekunlaşıb və görünən odur ki, bu abidə də rəssamlar tərəfindən yenidən rənglənib. Sakinlərimiz tibbi maskadan istifadə edərək, ara məsafələrini qoruyaraq parkda istirahətlərini edə bilərlər".
Əlavə olaraq, əhalinin istirahəti üçün 1 ədəd ümumi sahəsi 115 kv.metr olan söhbətgah quraşdırılıb, yeni oturacaqlar qoyulub, uşaq meydançaları və idman qurğuları quraşdırılıb. Bununla yanaşı, parkda yaşıllıqlar salınıb, müxtəlif ağac və bitki növləri əkilib.
Sakinlər də görülən işlərdən razıdır:
- Bura uzun zamandır baxımsız vəziyyətdə idi. Bu parkların, bu inkişafın əsas səbəbkarı cənab Prezidentdir. İndi həqiqətən deyirəm, elə sevinirəm. Nəvəmi də gətirirəm, oynayır, sevinir.
- Heç ağlımıza gəlməzdi ki, bu park belə gözəlləşəcək. Əvvəl bura bərbad gündə idi, heç yolumuzu buradan salmırdıq. İndi çox gözəl olub, adam istəyir elə oturub burada istirahət etsin.
Qeyd edək ki, sözügedən parkda Azərbaycan neftçilərinin şərəfinə ucaldılan möhtəşəm abidənin müəllifləri Sirus Mirzəzadə, Rəşid Heydərzadə, Arif Ələsgərov və Elxan Tahirovdur.
İslam Qədirli,
Musa Qullammirzəyev,
APA TV