Bakıda gənc rəssamların sərgisi açılıb - “NƏSİMİ İLİ” ÇƏRÇİVƏSİNDƏ
“Nəsimi gənc rəssamların gözü ilə”...
APA TV-nin məlumatına görə, Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı dahi şairin yaradıcılığına həsr olunmuş sərgi belə adlanır.
Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov Nəsimi yaradıcılığından, sərginin əhəmiyyətindən danışıb və iştirak edən gənc rəssamlara uğurlar arzulayıb.
Mədəniyyət nazirinin 1-ci müavini Vaqif Əliyev çıxışında Nəsimi yaradıcılığının Azərbaycanda son 60 ildə öyrənilməyə başlandığını nəzərə çatdırıb. O qeyd edib ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci illərdən başlayaraq Nəsimi yaradıcılığına diqqət artıb, dahi şair ilə bağlı əsərlər yazılıb, film çəkilib, küçələrə adı verilib.
İmaməddin Nəsiminin yaradıcılığından söz açan YAP icra katibinin müavini Siyavuş Novruzov Azərbaycanda incəsənətin bütün sahələrinə dövlət qayğısından danışıb: “Azərbaycanda çox böyük rəssamlıq məktəbi var. Bunun təməli ümummilli liderin Azərbaycana birinci dəfə hakimiyyətə gəlişi dövründə qoyulub, sonrakı dövrlərdə də davam olunub. Azərbaycanda bu məktəblərin açılması, Azərbaycan arxitektura sənətinin inkişafı, ulu öndərin özünün arxitektor olması bu məsələlərə çox böyük dəstək verir”.
Sərgidə millət vəkilləri, tələbələr, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Sonda gənc rəssamlar mükafatlandırılıb.
Səfər Əlizadə, Musa Qulammirzəyev, APA TV