Bakıda gilavar əsəcək, bölgələrdə yağıntı gözlənilir
Dekabrın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 10-13, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin Lənkəran-Astara zonasında yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.