Bakıda gimnastika mərkəzindən oğurluq: administratorun çantası soyuldu
Bakıda gimnastika mərkəzindən oğurluq edilib.
APA TV-nin məlumatına görə, hadisə noyabrın 18-də saat 11:40-da Xətai rayonu Məzahir Rüstəmov 15 ünvanında yerləşən “Fialka” Gimnastika Mərkəzində baş verib.
Mərkəzin administratoru Flora Vlasovanın çantasından qızıl-zinət əşyaları və pul oğurlanıb.
Kameralara düşən oğurluq edən şəxs çantanı götürərək, kameralar olmayan bölməyə - soyunub-geyinmə otağına keçib. Çantadakı dəyərli əşyaları götürərək onu yerinə qoyub və binanı tərk edib.
Flora Vlasova bildirib ki, çantanın aşağı mərtəbədə olduğunu ona xadimə deyib: “Xadimə çantanı açıq şəkildə mənə gətirdi. İçində pulqabı vardı. Məbləğ 500-800 manat arası olardı. Bir qızıl komplekt, gümüş əşyalar vardı. Şübhələndiyim heç kim yoxdur. Səhər işə, axşam evə gedən adamam. Heç kimlə də konfliktim yoxdur”.
Administrator deyib ki, hadisə ilə əlaqədar ərazi üzrə 34-cü Polis Bölməsinə şikayət olunub. Polis əməkdaşları hadisə yerinə baxış keçirib.
Faktla bağlı araşdırma aparılır.