Bakıda havanın temperaturu 3-5 dərəcə düşəcək - XƏBƏRDARLIQ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, cənub küləyinin əsəcəyi, axşam mülayim şimal-qərb küləyi  ilə əvəz olunacağı gözlənilir.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz  33-37, Bakıda gecə 23-25, gündüz 34-36 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.  

 

Abşeron çimərliklərində cənub küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi  ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.

 

Rayonlarda da hava əsasən yağmursuz keçəcək, lakin axşam saatlarında bəzi dağlıq  ərazilərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər saatlarında dağlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 16-21, gündüz 22-27 dərəcə isti olacaq.

 

Yeri gəlmişkən qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti iyulun 27-30-da ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

 

Məlumata əsasən Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu iyulun 29-30-da ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə enəcək.

 

İyulun 27-28-də bəzi  şimal və qərb rayonlarında, ayın 29-dan 31-dək isə əksər rayonlarda  şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, küləyin sürəti 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu iyulun 29-30-da ötən günlərlə müqayisədə  5-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından  qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

 

Müəllif | Apa.Tv
Apa.tv