Bakıda Heydər Əliyev prospektində yanğın söndürüldü
Paytaxtda yol kənarında yanğın hadisəsi baş verib.
APA TV-nin məlumatına görə, yanğın yol kənarında tikililərdən birində qeydə alınıb.
“Yanğın hadisəsi paytaxtın Heydər Əliyev prospektinin kənarında yerləşən səkidə baş verib. Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğının söndürülməsi davam edir”.
Yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov bildirib ki, baş verən yanğın nəticəsində divarın alkopan üzlüyü 250 kvadratmetr sahədə yanıb: “Yanğın nəticəsində Heydər Əliyev prospektinin köməkçi yolunda quraşdırılmış penaplastdan ibarət təxminən 250 kvadrat sahədə yanıb. Divar üzlüyünün arxa tərəfi meyvə anbarıdır. Yanğınsöndürənlərimiz tərəfindən həmin baza, eləcə də alkopon üzlüyün digər hissələri mühafizə olunub”.
Xidmət rəisi bildirib ki, hazırda yanğının baş vermə səbəbi araşdırılır.
Qeyd edək ki, baş vermiş yanğına görə, Heydər Əliyev prospektində metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətində bir müddət sıxlıq müşahidə olunub.
Həmidağa Məcidov,
Faiq Həsənov,
APA TV