Bakıda kafe və restoranlarda reyd keçirildi
Bu gün paytaxtda müştərilərə açıq hava şəraitində fəaliyyətinə icazə verilən restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda karantin qaydalarına əməl olunması ilə bağlı növbəti maarifləndirici reyd keçirilib.
APA TV-nin məlumatına görə, sözügedən reyddə Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Bakı Şəhər Baş Polis İdarəsinin məsul əməkdaşları iştirak edib. BŞİH-nin şöbə müdirinin müavini İsrafil Kərimov deyir ki, reydlər zamanı açıq havada fəaliyyət göstərən əksər iaşə obyektlərində Operativ Qərargahın qərarlarına uyğun şəraitin yaradılması, burada qaydalara düzgün riayət edilməsi müəyyən edilib: “Reydlərin keçirilməsində əsas məqsəd Operativ Qərargahın qəbul etdiyi qərarların icrasını yoxlamaqdır. Bu istiqamətdə bizim nümayəndələrimiz ümumi şəkildə, açıq havada fəaliyyət göstərən ictimai iaşə obyektlərinin, restoranların və digər obyektlərin hər birində reydlər keçiriblər. Reydlər zamanı tələb olunan qaydalara riayət olunması məsələləri ciddi nəzarətdə saxlanılır”
Həmçinin reydlər zamanı sosial məsafənin qorunması məqsədilə kafe və restoranlarda xidmət personalı ilə söhbətlər aparılıb.
AQTA-nın mətbuat katibi Aysel Fərziyevanın sözlərinə görə, kafe və restoran ərazisində mütləq şəkildə masalar arasında məsafə 2 metrdən az olmamalıdır: “Eyni zamanda, eyni masa arxasındakı oturacaqlar arasındakı məsafə 1 metrdən az olmamalıdır. Müştəri sayı 2 dəfə azaldılmalıdır və adambaşına düşən sahə 2 qat artırılmalıdır. Kafe və restoranların ərazisi dezinfeksiya edici məhlullarla təchiz olunmalıdır. Giriş və çıxışlarda dezinfeksiyaedici qurğular və dezinfeksiyaedici məhlullar yerləşdirilməldir. Bununla yanaşı, bu ərazilərdə müştərilər kafe və restoran ərazisən daxil olarkən mütləq maskalardan istifadə etməlidirlər”.
Dövlət Vergi Xidmətinin əməkdaşı Araz Kərimov isə deyir ki, son iki gündə aparılan reydlər zamanı xeyli sayda qanun pozuntusu aşkarlanıb və həmin obyektləri işlədən şəxslərə qarşı inzibati qaydada protokollar tərtib olunub: “Müxtəlif istiqamətlərdə aktlar yazıldı, cərimlər olundu. İnzibati xətalar məcəlləsinə uyğun olaraq həm fiziki şəxslərə, həm hüquqi şəxslərə, həm də vəzifəli şəxslərə cərimələr tətbiq olunub. Bəzi obyekt sahibləri həqiqətən də məlumatsızdırlar. Hesab edirik ki, dünən və bu keçirilən monitorinqlər maarifləndirmə ilə bağlı bir sıra məsələləri həll edəcək və dünənki xətalar bir daha təkrar olunmayacaq”.
Məlumat üçün bildirə ki, paytaxtda ictimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcək.
Həmidağa Məcidov,
Üzeyir Ağayev,
APA TV