Bakıda karantin qaydalarına əməl etməyən çay evlərinin sahibləri çərimələndi

Bakı şəhərinin müxtəlif rayonlarında karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması, habelə istifadəsi ictimai-iaşə obyektlərində qəti qadağan edilən qəlyan tütün məhsulunu müştərilərə təklif edən məkanların aşkar edilməsi istiqamətində Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, növbəti belə tədbir zamanı paytaxtın Nizami rayonunda yerləşən “VN” çay evində müştəri kimi əyləşən 4 nəfərin qəlyandan istifadə etdiyi müəyyən edilib. Həmin şəxslərin hər biri 200 manat miqdarında cərimə olunub.

 

Obyektin işlədən Qoşqar Hüseynov isə polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq, onunla aparılan profilaktik söhbətlərdən nəticə çıxarmadığı üçün 4000 manat məbləğində cərimələnib.

 

Həyata keçirilən daha bir tədbir zamanı Xətai rayonunda yerləşən “Legenda” çay evində karantin qaydalarının pozulduğu müəyyən olunub. Tədbir zamanı sanitar-karantin  normaları pozan 10 nəfər 200 manat, obyektin sahibi Fuad Axundov isə 4000 manat miqdarında cərimələnib.

 

Analoji tədbirlər Xətai rayonunda yerləşən “Samavar” və “Kristal” çay evlərində də həyata keçirilib. Qeyd edilən məkanlara baxış zamanı müştərilərə qəlyan tütün məhsulu təklif edildiyi müəyyən edilib. Həmin obyektlərin icarədarları Nicat Həşimov və Asif Şahnəzərov, eləcə də karantin qaydalarını pozan müştərilər müvafiq qaydada cərimə olunublar.

Müəllif | Apa.Tv
Apa.tv