Bakıda karantin qaydalarını pozan “leytenant” saxlanıldı

Sabunçuda üzərində leytenant xüsusi rütbəsi olan hərbi formanı geyinərək karantin qaydalarını pozan şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Bakıxanov qəsəbəsi ərazisində sanitar-karantin rejimi ilə əlaqədar xidmət apararkən polislər hərbi geyimli bir nəfərin qeyri-adekvat hərəkətlərindən şübhələnərək ona yaxınlaşıblar. Özünü hərbi qulluqçu kimi təqdim edən həmin şəxsin üzərində bunu təsdiq edən heç bir sənədi olmadığından o, polis idarəsinə dəvət edilib.

 

Araşdırma zaman bu şəxsin Saatlı rayon sakini, Sabunçu rayonunda müvəqqəti yaşayan Elçin İsmayılov olduğu məlum olub. O, izahatında karantin rejiminin qaydalarını pozmaq və şəhər ərazisində sərbəst şəkildə hərəkət etmək üçün qeyri-qanuni yolla əldə etdiyi xüsusi formanı geyindiyini və heç bir hərbi birləşmənin əməkdaşı olmadığını etiraf edib.

 

Elçin İsmayılov barəsində toplanan materiallar məhkəməyə göndərilib.

Müəllif | Apa.Tv
Apa.tv