Bakıda karantin qaydalarını pozan “play station” zalı aşkarlandı

Bakıda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən oyun zalı aşkar edilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Nizami rayonu “8-ci kilometr” qəsəbəsi ərazisində Bəhruz Niriyev küçəsi 39/41 ünvanında 9 mərtəbəli binanın zirzəmisində “play station” salonunun işlədiyi məlum olub. 

Obyektə baxış zamanı 12 nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları aşkar edilib. Obyektin sahibi və müştərilər saxlanılaraq ərazi üzrə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə gətiriliblər. 

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək, inzibati qaydada ciddi şəkildə cəzalandırılıblar. 

Müəllif | Apa.Tv
Apa.tv