Bakıda karantin qaydalarının təmin olunması istiqamətində maarifləndirici reyd keçirilib
Paytaxtda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması məqsədilə gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri davam etdirilir.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, tədbirlər çərçivəsində müştərilərə ictimai iaşə obyektlərinin daxilində xidmətin qəbul edilən sanitar-epidemioloji normalara uyğun qurulması və aparılması, sosial məsafənin təmin edilməsi, eləcə də qapalı yerlərdə tibbi maskadan istifadənin zəruriliyi diqqətə çatdırılıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Pərvanə Muradova deyir ki, reydin məqsədi vətəndaşları maarifləndirməkdir: “Ölkəmizdə elan olunmuş karantinlə bağlı Bakı şəhəri ərazisində daimi olaraq profilaktik tədbirlər aparılır və davam etdiriləcək. Burada həm sosial məsafənin qorunması, həm tibbi maskalardan istifadə olunması vətəndaşlara tövsiyə olunur. Çünki bu həm onların sağlamlığı üçün, həm də ətrafdakıların sağlamlığı üçün çox vacibdir. Burada keçirilən tədbirlərin əsas məqsədi hərəkət iştirakçılarını cərimələmək deyil, onlar arasında təbliğat aparmaqdır”.
Qeyd edək ki, aşkarlanan hər bir hüquqazidd əmələ görə, qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülür.
Sahə rəisi Elxan Əliyev sahibkarlıq subyektlərindən qoyulan qaydalara əməl etməyi xahiş edir: “Sahibkarlıq subyektindən xahişimiz bundan ibarətdir ki, kassaya yaxınlaşarkən vətəndaşlar sosial məsafəyə riayət eləsinlər, masalar arasındakı məsafəyə riayət olunsun. Sizdən də tələbimiz budur ki, bu qaydalara mütəmadi riayət edəsiniz”.
Tədbirlər çərçivəsində polis əməkdaşları tərəfindən paytaxt sakinləri ilə fərdi profilaktik söhbətlər aparılır, şəhər sakinlərinin məsuliyyət hissinin artırılması ilə bağlı onlara tövsiyələr verilir, qanunun tələbləri izah edilir.
Mir Çingiz Ağazadə
Əli Ələkbər
APA TV