Bakıda keçmiş məhkumdan avtomat götürüldü

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları keçmiş məhkumdan avtomat aşkarlayıb. 

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, idarəyə Adil adlı şəxsin yaşadığı evdə qanunsuz olaraq avtomat saxlaması barədə əməliyyat məlumatı daxil olub.

 

Keçirilən təxirəsalınmaz tədbir nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə məhkum olunmuş Adil Balakişiyev saxlanılıb. Onun müvəqqəti məskunlaşdığı Bakıxanov qəsəbəsi, Şahin Qocayev küçəsindəki evin zirzəmisində axtarış aparılan zaman 1 ədəd texniki cəhətdən işlək vəziyyətdə olan, atəş üçün yararlı “Kalaşnikov” markalı  avtomat və həmin silaha aid 4 ədəd patron və daraq  aşkar olunaraq götürülüb.

 

Adil Balakişiyev ifadəsində bildirib ki, silahı ötən ay metal yığarkən qəbiristanlıq ərazisindən tapıb və  bu günə kimi həmin döyüş ləvazimatlarını polisə təhvil verməyərək qanunsuz olaraq özündə saxlayıb.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb, Adil Balakişiyev barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Müəllif | Apa.Tv
Apa.tv