Bakıda koronavirus təhlükəsi ilə bağlı dezinfeksiya işləri davam etdirilir
Bakıda koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xüsusi tədbirlər görülür.
APA TV-nin məlumatına görə, məsələnin ciddiliyi nəzərə alınaraq hər 10 gündən bir Departamentin balansında olan 11300 ədəd yaşayış binasında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinələri və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, həmçinin digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.
Aparılan işlər çərçivəsində bu gün Nizami rayonu, 8 km, M.Şərifli küçəsi 84, 86, 88, 90, 92 ünvanlarda yaradılan ABAD məhəllədəki yol və küçə kənarlarında, həyətlərdə, bloklarda, meydançalarda dezinfeksiya işləri aparılıb.
Mənzil Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin rəisi Mübariz Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının verdiyi müvafiq göstərişə əsasən İcra Hakimiyyətinin tabeliyində olan Mənzil-Kommunal Təsərrüfatı birlikləri, Sanitariya və Texniki Təmizlik İdarəsinin Kommunal Xidmətlər İdarəsi gücləndirilmiş iş rejiminə keçib: "Bakı Şəhər İcra Hakimiyyətinin Sanitariya və Texniki İdarəsinə məxsus olan xüsusi təyinatlı avtonəqliyyat vasitələri səhər saatlarında xüsusi dezinfeksiya maddələri ilə, qatqılarla yol kənarındakı məhəccərləri sürərək yumaqla məşğul olur. Bu proses günün səhər saatlarında olur ki, artıq əhali işə gedən vaxtı işlər tamamlanmış olsun. Bundan başqa Mənzil Kommunal Birliklərinin balansında olan bütün binaların giriş-çıxış hissələri, lift qovşaqları, binaların həyətyanı sahələri və s. mütəmadi olaraq dərmanlanır. Zibil konteyner əraziləri də gündəlik dezinfeksiya olunur".
Xüsusilə bazarlarda təmizlik işlərinə nəzarət gücləndirilib. Bazar rəhbərliklərinə gündəlik olaraq axşam saatlarında, ticarət bitdikdən sonra bazarda tam təmizlik işlərinin və bütün satış sahələrinin dezinfeksiyasının aparılması ilə bağlı xəbərdarlıq edilib və aparılan işlər aidiyyəti qurumların nəzarətinə alınıb.
İsa İsmayılov
Faiq Həsənov
APA TV