Bakıda kran yaşayış binasının üstünə aşdı – BİR NƏFƏR ÖLDÜ

Paytaxtda Azadlıq prospekti ilə Mövsüm Sənani küçəsinin kəsişməsində tikintidə istifadə olunana kranın aşması nəticəsində ətrafdakı avtomobillərə xeyli ziyan dəyib. Kranın sürücüsü isə hadisə yerində keçinib.

 

Yaxınlıqdakı tikintidə istifadə olunan kranın bir hissəsi yaşayış binasının üstünə, digər hissəsi isə yaxınlıqda park edilən maşınların üstünə aşıb. Hadisə zamanı 5 avtomobil yararsız hala düşüb. Kranın üzərinə düşdüyü binada isə iki evə ziyan dəyib. Şahidlərin sözlərinə görə, hadisə zamanı kran işlək vəziyyətdə olub:

 

- Ağacın altında oturub istirahət edirdik. Bir də gördük ki, hər yeri toz bürüdü. Özümüzü oradan güc-bəla ilə qurtardıq. Nə idisə üstümüzə düşəcəkdi. Sonra baxıb gördük ki, krandır.

 

- Gördüm ki, bir nəfər yerdə qalıb. Təcili Tibbi Yardım çağırana kimi yerdə can verib öldü.

 

- Birdən cırıltı səsi gəldi. Yuxarı baxıb gördük ki, kranın sterlası üzü aşağı gəlir. Bir təhər aradan çıxa bildik. Bir nəfər qaçaqaçda telefonunu itirdi. Bax bu skamyada oturmuşduq. Ərazidəki maşınlar əzildi, bəzilərinin şüşəsi qırıldı.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri, Təcili Tibbi yardım maşınları və polis əməkdaşları cəlb olunub. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin dəstə rəisi Fuad Əhmədov deyir ki, hadisə ilə bağlı araşdırma başlanılıb və ictimaiyyətə bununla bağlı məlumat veriləcək: “112 qaynar xəttinə hadisə ilə bağlı məlumat daxil oldu. Azadlıq prospekti ilə Mövsüm Sənani küçəsinin kəsişməsində olan 9 mərtəbəli binanın qarşısında yük kranının qaldırıcı hissəsi yaşayış binasının üzərinə aşıb. Nəticədə kranı idarə edən sürücü vəfat edib. Əlavə olaraq, ərazidə olan 5 avtomobil zədə alıb. Binanın dam hissəsində müəyyən dağıntı var. Hadisə ilə bağlı araşdırma aparılır. Əlavə məlumatlar ictimaiyyətə çatdırılacaq”.

 

Hadisə nəticəsində Azadlıq prospekti ilə Mövsüm Sənani küçəsinin kəsişməsində və digər paralel küçələrdə avtomobillərin hərəkətində sıxlıq yaranıb.

 

Həmidağa Məcidov,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv