Bakıda kriminal aləmə yaxın şəxslər həbs edildi
Avqustun 17-də axşam saatlarında paytaxtın Xətai rayonunda yerləşən restoranlardan birində cinayət törətməyə meyilli bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi təşkil etməsi barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, həyata keçirilən tədbirlər nəticəsində həmin restoranda toplaşan şəxslər, o cümlədən məclisin təşkilatçısı əvvəllər dəfələrlə məhkum olunmuş, paytaxt sakini Natiq Binnətov, eləcə də qeyd edilən məclisin keçirilməsinə şərait yaradan restoranın rəhbərliyi və işçiləri saxlanılıb.
Onların üzərində axtarış aparılan zaman Natiq Binnətovla yanaşı daha 4 nəfərin - Bakı şəhər sakinləri, hər biri əvvəllər məhkum olunmuş Rəşad Baladadaşov, Ruslan Abbasov, Elvin Fətullayev və Şəmkir rayon sakini Elman Məmmədovun üzərindən müxtəlif növ güclü təsiredici narkotik vasitələr aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Məclisdə iştirak edən digər şəxslər və restoranın rəhbərliyi karantin qaydalarını kobud surətdə pozduqları üçün onlar barəsində protokollar tərtib edilib və məsuliyyətə cəlb olunublar.